TÜRKSOY Gənclər Kamera Orkestrinin budəfəki konsert turu təşkilatın 25 illiyinə həsr olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri ikinci dəfə Balkan ölkələrinə səfərə çıxır. Məqsəd TÜRKSOY-un 25 illik yubileyini bu ölkələrdə qeyd etməkdir.
Hazırda Ankarada məşq edən orkestr ilk konsertini iyulun 26-da Kosovonun paytaxtı Priştinada verəcək.
Turne çərçivəsində iyulun 27-də Kosovonun Prizren şəhərində, 30 iyulda Çernoqoriyanın (Monteneqro) Çetinje (Tsetine) şəhərində, avqustun 1-də Bosniya və Herseqovinanın qədim Mostar şəhərində, ayın 3-də ölkənin paytaxtı Sarayevoda və 4 avqustda Bosniya və Herseqovinanın Zenica (Zenitsa) şəhərində dinləyicilərlə görüşəcək.
Qeyd edək ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə qurulan orkestrin dirijoru Azərbaycandan Mustafa Mehmandarovdur. Orkestrə bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyədən sənətçilər qatılacaq.
Konsertlərin proqramı iki hissədən ibarətdir: “Birinci hissədə dünya bəstəkarlarının klassik əsərləri, ikinci hissədə isə türk ölkələrinin tanınmış bəstəkarlarının əsərləri ifa edilir.
Mustafa Mehmandarov budəfəki konsertlərin TÜRKSOY-un 25 illik yubileyinə həsr olunduğunu qeyd edərək bildirib ki, təşkilat türkdilli ölkələrin yalnız musiqiçilərini deyil, rəssamlarını, fotoqraflarını, digər sənət sahiblərini də mütəmadi bir araya gətirir: “Ən önəmlisi də bu mədəniyyətləri dünyada tanıdan qurumun olmasıdır. Bu baxımdan TÜRKSOY çox önəmli bir təşkilatdır”.
Orkestrin Balkan turnesinə ilk dəfə qatılan azərbaycanlı skripka ifaçısı Hüseynəli Hüseynəliyev müxtəlif ölkələrdə çıxış etmənin həyəcanverici olduğunu və getdikləri yerlərdə çox xoş qarşılandıqlarını bildirib.
Digər musiqiçilər də fərqli yerlərdə konsert verərkən həm də təcrübə əldə etdiklərini söyləyiblər.
Mehparə SULTANOVA
Ankara