Bolqarıstanın ən böyük dəniz kurortu Varna şəhərinin “Yay teatrı”nda 28-ci Beynəlxalq balet müsabiqəsi keçirilib. UNESCO-nun himayəsi, Bolqarıstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan müsabiqəyə 34 ölkədən 149 iştirakçı qatılıb.
Tədbirin açılışında Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva, ölkənin mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Varna meri İvan Portnix çıxış ediblər.
T.Karayançeva dünyada bu qisimdə ilk müsabiqənin vaxtilə Bolqarıstan tərəfindən keçirildiyini deyib, sənət yarışmasını uğurlu karyeralar üçün başlanğıc kimi dəyərləndirib.
Şəhərin meri İ.Portnix, mədəniyyət nazirinin müavini R.Dimitrov gənc istedadların üzə çıxarılması, habelə balet sənətində müxtəlif tendensiyaların inkişafı baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Xalq artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə balet truppasının aparıcı solisti Ayan Eyvazova da iştirak edib. O, P.Çaykovskinin “Yatmış gözəl” baletindən variasiyalar ifa edərək ölkəmizi müsabiqədə layiqincə təmsil edib. Dünya şöhrətli azərbaycanlı xoreoqraf və balet ustası Eldar Əliyev isə Varna Beynəlxalq Balet Müsabiqəsində münsiflər heyətində sədr müavinidir.
Qeyd edək ki, maestro Emil Dimitrov tərəfindən 1964-cü ildə təsis edilmiş Varna balet müsabiqəsi dünyada ilk peşəkar beynəlxalq balet müsabiqəsidir. İki ildən bir keçirilən müsabiqədə indiyədək 2500-dən çox rəqqas iştirak edib.