Noyabrın 7-dən 10-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operasının premyerası olacaq.

Səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını isə Xalq artisti Yusif Eyvazov (tenor) ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirən ifaçı sənət karyerasına İtaliyada başlayıb. Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb.