İyulun 20-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Yay klassikası” adlı kamera musiqisi konserti keçirilib. Konsertdə gənc ifaçılar Günel Bəkirova (piano) və Aydan Salamova (skripka) İ.S.Bax, L.V.Bethoven, İ.S.Bax, A.Ziloti və başqa bəstəkarların əsərlərini ifa ediblər.
Aydan Salamova 2009-cu ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 2013-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsini bitirib. Ölkəmizdə və xaricdə keçirilən musiqi tədbirlərinin iştirakçısıdır. Bu il Parisdə keçirilən beynəlxalq musiqi müsabiqəsində II yerə layiq görülüb. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistratura pilləsində Xalq artisti, professor Z.Quliyevanın sinfində təhsilini davam etdirir, həmçinin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrində fəaliyyət göstərir.
Günel Bəkirova Şəki şəhərində 1997-2008-ci illərdə fortepiano ixtisası üzrə ilk musiqi təhsilini alıb. 2012-ci ildə Bakı Musiqi Akademiyasının bakalavr pilləsini (professor M.Sadıqzadənin sinfi), 2015-ci ildə magistratura pilləsini bitirib. 2012-2013-cü illərdə Norveçin Bergen şəhərində Qriq Musiqi Akademiyasında professor E.Rottingenin sinfində təhsil alıb. İtaliya və Avstriyada beynəlxalq musiqi müsabiqələrində iştirak edib. Hazırda Bakı Musiqi Akademiyasının doktorantıdır.
Qeyd edək ki, G.Bəkirova və A.Salamova “Beethoven Chamber duo” qrupunun təsisçiləri və üzvləridir. Onların repertuarına müxtəlif bəstəkarların kamera musiqisi daxildir. İyulun 20-də keçirilən konsert gənc musiqiçilər üçün uğurlu başlanğıc oldu. Onlar göstərilən diqqətə görə “YARAT” Müasir İncəsənət Məkanının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.