Sumqayıt Dövlət Dram Teatrında 49-cu teatr mövsümünün başa çatması ilə əlaqədar toplantı keçirilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, toplantıda direktor, Əməkdar artist Mübariz Həmidov repertuar siyasətinin qurulmasından ətraflı danışıb, baş rejissor və quruluşçu rejissorlara tövsiyə və tapşırıqlarını verib. Həmçinin qeyd edilib ki, yaradıcılıq imkanlarının gücləndirilməsi üçün hər kəs öz üzərində çalışmalı, yaradıcılıqla yanaşı PR işi də ön plana çıxarılmalıdır. Tamaşaçıların bədii-estetik zövqünün formalaşmasına xidmət edən, eyni zamanda vətənpərvərlik hisləri aşılayan, milli-mənəvi dəyərləri, dövlətçiliyi təbliğ edən əsərlər səhnə həllini tapmalıdır.

Vurğulanıb ki, ölkə başçısının bu yaxınlarda sənət ocağının 50 illik yubileyi ilə bağlı sərəncam imzalaması kollektivi sevindirir. Biz bu yubiley tədbirində teatrın keçdiyi şərəfli yolu tamaşaçılara göstərməliyik. Sumqayıt Dövlət Dram Teatrı bundan sonra da nəinki respublika səviyyəsində, ölkəmizdən xaricdə də layiqincə tanınmalıdır.