Gənclərin “zanbaqlar ölkəsi” ilə bağlı əsərləri nümayiş etdirilib
Bakıda “Yay Festivalı 2018” çərçivəsində “Art Tower” rəsm qalereyasında “Niderland azərbaycanlıların gözü ilə” adlı sərgi keçirilib.
Tədbir Niderland Krallığının Azərbaycandakı səfirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının, Azərbaycan Mədəniyyət Nazirliyinin və Gənclər Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil edilib.
Sərgidə 13 azərbaycanlı gənc rəssamın Niderlandla bağlı əsərləri nümayiş etdirilib. Onlardan biri – Babək Abdullayev Niderlandın Azərbaycandakı səfiri Onno Kerversin portretini yaradıb.
Tədbirin sonunda səfir Onno Kervers rəssamlara sertifikatlar və mükafatlar təqdim edib.