Bəzi tənqidçilər onu şən adamlar üçün kədərli kitablar yazan müəllif kimi təqdim edirlər. Bununla demək istəyirlər ki, yalnız yumor hissinə malik oxucu bu hekayələrdəki kədəri hiss edə bilər. Günümüzün prizmasından bunu səhnəyə gətirmək, bu ruh halına səhnə-sənət platformasından baxmaq o qədər asan olmasa da, cəhdlər alqışlanmalıdır. Yuğ teatrında hazırlanan “Təklif. Elçilik” kimi.
Bu günlərdə teatrın təqdimatında 44 illik ömrünə az qala bir əsrlik ədəbi külliyyat yığmağı bacaran dahi Anton Pavloviç Çexovun “Təklif” adlı birpərdəli vodevili əsasında hazırlanan tamaşanın premyerası gerçəkləşdi.
Teatrın bu mövsümdə son premyerası iyulun 15-də, mövsümün bağlanış, həm də müəllifin anım günündə tamaşaçı qarşısına çıxdı.
Janrı birhissəli zarafat kimi təyin olunmuş tamaşanın quruluşçu rejissoru Günay Səttar, səhnə tərtibatçısı Əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edirlər. Onu da qeyd edək ki, Vidadi Həsənovun 60 illiyinə həsr olunan tamaşanın pyes tərcüməsini də orijinaldan yubilyar özü edib.
Tamaşadan söz açarkən əsas vurğu nöqtəsini gözardı edə bilmərik; rejissorun yozumuna görə, qadın-kişi münasibətlərində ziddiyyətlər və toqquşmalar hər zaman olsa da, həyatda harmoniyanı yaradan yalnız onların birləşməsidir. İdeyanı möhkəmləndirən bir məqam da müəllifin kütləvi oxucu üçün həll etdiyi fikirdir: kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadınların olmadığı cəmiyyətdə kişilər axmaqlaşır. Özlərini qoymağa yer tapmadıqda isə evlənirlər. Yaxud “qadın-kişi mübarizəsi, toqquşmaları həyat tərzidir, gerçəkliyin normasıdır. Gerçəkliksə bir lətifə üzərində qurulub. Hər kəsin bunu anlaması üçün öz yaşamına nəzər salması kifayətdir”.
Ondan başlayaq ki, səhnə işi uyğunsuz şəraitdə və həm də uğursuz münasibətlər içində çapalayan üç nəfərin izdivac aktını gerçəkləşdirməsi, daha doğrusu, cəhdi haqdadır. Bir növ alt-üst olmuş münasibətlər fonunda evliliyi ən zəhlətökən monotonluqdan qaçış proyekti kimi görən üçlüyün izaholunmaz çıxışıdır.
Sadə, üçbucaq səhnədə bir-biri ilə və həm də tamaşaçı ilə oyun quran üçlüyün birgə səhnə aktı baxımlı idi. Çünki onlar rejissorun müəllif istehzası ilə qarışdırdığı uğursuz rus ziyalısı və yöndəmsiz kəndli rus qızını müəllifin ilahi zarafatına toxunmadan, gülüş fonunda, həm də tragikomik meyarlarla cilalamaqla təqdim edə bildilər.
Əsas vurğulanmaq istənilən fikir açılmışdı: məsələn, bir qadınla bir kişi istənilən halda – münasibətlərin başlanmasından bitməsinədək – daim konfliktlər içərisində olurlar. Ancaq buna böyük bir faciə kimi baxmaqdansa lətifəsayağı görsən, situasiyaya alışmış olursan.
Həyatda faciə yoxdur prinsipini müəllifdən əxz edən rejissor bunu tamaşaçıya ustalıqla ötürür. Həm də adi, gündəlik, cari məsələlərin həlli ilə. Gah ata Stepan Stepanoviç Çubukovu (Vidadi Həsənov) hadisələrin mərkəzinə çəkərək daim narazı, öz dünyasında, düşüncə etalonunda konkret qütbləri olan və məhz o qütblərdən çıxış edən adam kimi qəbul etdirməyə çalışır. Gah da fağır və həm də cəsarətli gənc İvan Vasilyeviç Lomovun (Elgün Həmidov) əsas məqsədinə, evlənmə arzusuna, daha doğrusu, yeganə çıxış yoluna özünün maneəsini gülüş obyektinə çevirir.
Ümumiyyətlə, tamaşa boyu (təbii ki, əsərdən irəli gələn əsas ideyaya uyğun olaraq) hər vəchlə bu iki kişi komik vəziyyətin mərkəzi kimi göstərilir və formal olaraq kor-kobud kəndli qadın Natalya Stepanovna (Zümrüd Qasımova) əvvəldən sona öz qələbəsinə nail olur. Çünki o, iki kişinin – ata və potensial ərinin təsiri altına düşmür. Əksinə, idarəedici missiyasında hakimdir və bundan ehtiraslı bir zövqlə istifadə edir. Onun hakimliyi, dominantlıq olaraq qadın üstünlüyü zəka, ağıl, bəzən də hiyləsinin kompleksi kimi təzahür edir.
Sadə səhnə tərtibatı tamaşanı daha maraqlı və baxımlı edirdi. Səhnədə minimallıq tamaşaçını və elə bəzi məqamlarda aktyoru daha çox obraza adaptasiya fəndi kimi vacibdir. Minimum əşya, detalla belə işləmək, onları müxtəlif vəziyyətlərə tətbiq etməklə də həm tam həll yaratmaq olar, həm də aktyora kiçik səhnədə özünə “böyük” realizə şəraiti yaratmaq olar. Rejissor yozumu və səhnə tərtibatının ənənəvi prinsiplərdən çıxması bu vəziyyəti daha baxımlı etmişdi. Dramaturji materialın imkan verdiyi gəzişmələri rahatlıqla edən rejissor klassik əsər üzərində Yuğ metodikasını da gerçəkləşdirməyə çalışmışdı.
Aktyorların səhnəyə sığmayan dinamikaları, gitarada solo və xor ifaları, çılğın rəqsləri konseptual olaraq rəngarəng alınmışdı. Ən əsası səhnədə və ifada ansambl vardı və hər şey yerində idi. Bir növ, səhnədə olan hər şey, hamı tamaşaçını hadisənin yumoruna, zarafat, əylənmək, nəşələnmək istəyinə çəkirdi.
Həmidə NİZAMİQIZI