“Ağa, məsələ aydındır, yığıncağı bağla”
Ötən əsrin birinci yarısında instrumental ifaçılıq sənətimizin zənginləşməsinə töhfə verən musiqiçilərdən biri məşhur qarmonçalan, eyni zamanda tarzən kimi də tanınan Abutalıb Yusifov olub.
Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşa şəhərində musiqiçi ailəsində dünyaya göz açmışdı. Kiçik yaşlarından musiqi ilə maraqlanırdı. Bunu görən atası ona qarmon alır. O zaman Kərbəlayı Muxtarın ağlına gəlməzdi ki, bu uşaq gələcəkdə mahir ifaçı kimi Qafqazda məşhur olacaq...
Abutalıb öz üzərində çox çalışır. Şuşanın görkəmli sənətkarlarından Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Sadıqcan, Məşədi Zeynal, qarmonçalan İsi bəy və başqalarının yaradıcılığından bol-bol bəhrələnir. İsi bəy bu istedadlı gəncin sənətə hədsiz həvəsini nəzərə alaraq şəhərin böyük toy məclislərində yanında əyləşdirir. Abutalıb qarmonda “İnnabı”, “Vağzalı”, “Mirzəyi”, “Tərəkəmə” və başqa oyun havalarını zövqlə ifa edir. Beləliklə, iyirmi yaşında kamil qarmonçalan kimi şöhrət tapır. Tar çalmağı da öyrənən Abutalıb el şənliklərində olarkən qarmonda oyun havalarını, sədəfli tarında isə xanəndələri müşayiət edir. Dövrün gənc müğənniləri Abutalıbla məclislərdə çıxış etməyi şərəf hesab ediblər.
Abutalıb Yusifov Gəncədə məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə, Tiflisdə tanınmış musiqiçilərlə görüşür. Bir qədər sonra Tiflisdə yaşayıb-yaradan azərbaycanlı ziyalılarla, o cümlədən Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Zülfüqar Hacıbəyov, İbrahim İsfahanlı, Mustafa Mərdanov, Mirzağa Əliyev, Məşədi Zeynal, Məcid Behbudov və başqaları ilə yaxından təmas qurur. Onlarla birlikdə Azərbaycan milli mədəniyyətinin tərəqqisinə çalışır, bu yolda əlindən gələni əsirgəmir. Tiflisdə verilən teatr tamaşalarında, habelə “Şərq konsertləri”ndə, ədəbi gecələrdə yaxından iştirak edir. Çoxmillətli Tiflis tamaşaçılarının hədsiz hörmət və rəğbətini qazanır.
“Qafqaz” qəzetinin 1911-ci il 2 avqust tarixli nömrəsində teatr elanlarının birində yazılıb: “3 mart 1911-ci ildə “Gürcü dvoryan teatrı”nın binasında Zülfüqar bəy Hacıbəyovun “Əlli yaşında cavan” operettası tamaşaya qoyulacaqdır. Tamaşada ilk dəfə olaraq Münəvvər xanım Məmmədquluzadə (Mirzə Cəlilin qızı – red.) və opera artisti Mirzağa Əliyev iştirak edəcəklər. Tamaşanın musiqisini qarmonçu Abutalıbın iştirakı ilə Şərq çalğı alətləri orkestri ifa edəcəkdir”.
Mütəxəssislər qeyd edirlər ki, Abutalıbın çalğısı üçün dərin lirizm, zərif duyğu, incə zövq, zəngin xallar, şirin barmaqlar səciyyəvi olub. Onu həmkarlarından fərqləndirən cəhət xalq musiqisinin məna çalarlarını dərindən bilməsi və yüksək səhnə mədəniyyətinin olması idi. O həm də milli muğam ifaçılığına möhkəm yiyələndiyindən “Segah”, “Bayatı-Qacar”, “Şikəsteyi-fars” muğamlarını çalanda dinləyicilər ona qulaq asmaqdan doymazmışlar.
Seyid Şuşinski xatirələrində yazır: “Üzeyir bəy konservatoriyanın rektoru olanda bir gün mənə dedi: “Ağa, bu qarmonçalanlar məni cana gətiriblər. O deyir “məndən olmaz”, bu deyir “mən hamıdan yaxşı çalıram”. Bu məsələyə son qoymaq üçün gərək konkurs keçirək”. Bir az sonra elan verdik. Konkurs keçirilən günü Azərbaycanın hər yerindən əlliyə qədər qarmonçu gəlmişdi. Üzeyir bəy səhnəyə çıxdı. Stulun üzərinə 14 dilli bir qarmon qoydu və dedi: - Konkursun bircə şərti var. Kim bu qarmonda “Orta mahur” çala bilərsə, xahiş edirəm, səhnəyə çıxsın. Bu elandan sonra qarmonçular arasında bir sükut yarandı. Bir çoxları da təəccüb edib bir-birinin üzünə baxdı. Nəhayət, Abutalıbdan başqa səhnəyə çıxan olmadı... Bunu görən Üzeyir bəy təzədən səhnəyə çıxıb dedi:
- Hə, qoçaqlar, necəsiniz?...
Sonra üzünü mənə tutub dedi:
- Ağa, məsələ aydındır, yığıncağı bağla.
Mən bir daha ondan soruşdum:
- Bəs Abutalıb çalmayacaq?
- Ağa, Abutalıbın çalğısına ehtiyac yoxdur.
O gün mən də bir daha “Abutalıbdan başqa qarmonçalan tanımıram” qənaətinə gəldim”.
Abutalıb bir tarzən olaraq uzun illər Segah İslam, Seyid Şuşinski, Mehralı oğlu Bahadır və Xan Şuşinski kimi məşhur xanəndələri müşayiət edib. Dəfələrlə müsabiqələrdə iştirak edərək qalib olub. Onun Kor Əhəd, Kərbəlayı Lətif, Məşədi Əli və Teyyub Dəmirov kimi görkəmli yetirmələri olub.
Abutalıb Yusifov 1937-ci ildə Ağdamda dünyasını dəyişib.
Savalan FƏRƏCOV