“JARA” festivalı üçüncü dəfə məşhur estrada ifaçılarını bir araya gətirəcək

İyulun 26-dan 29-dək Bakıda, Xəzər sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində III “Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 2016-cı ildə əsası qoyulan festival bu dəfə də Rusiyanın və ümumilikdə MDB məkanının məşhur estrada ifaçılarını bir araya gətirəcək.

Festivalın saytında (zhara.az) yer alan məlumata görə, ulduzların qırmızı xalı mərasiminin musiqi tərtibatı ilə DJ Shock məşğuldur. Onun şövqlü treklərinin sədaları altında ulduzlar səhnəyə çıxacaq, festivaldan, şəxsi həyatlarından və yaradıcı fəaliyyətlərindən söhbət açacaqlar.

İyulun 26-da təqdim ediləcək qala-konsertdə Emin, Qriqori Leps, Filip Kirkorov, Sergey Lazarev, Timati, Ani Lorak, Loboda, Aleksey Çumakov, Slava, Aleksandr Panayotov, Anna Sedokova, Yeqor Krid, Yuliya Kovalçuk, Nyusha və başqaları çıxış edəcəklər. İyulun 27-də Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley gecələri keçiriləcək. Həmçinin iyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi təşkil olunacaq.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Qeyd edək ki, Rusiyanın “TurStat” analitik agentliyi “JARA” festivalını MDB ölkələrinin bu yayın açıq səma altında keçirilən ən yaxşı festivallarının üçlüyünə daxil edib. Reytinqə əsasən, Minskdə “Rok za Bobrov”, Bakıda “Jara” və Almatıda “FourЭ” festivalları MDB-də açıq səma altında keçirilən, rusiyalı səyahət həvəskarları arasında populyarlıq qazanmış musiqi festivallarıdır. Reytinq festivala baxmağa gedən tamaşaçıların sayına əsasən tərtib edilib.