İyulun 30-da ölkəmizdə növbəti musiqi bayramı – X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayacaq. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək.
Qəbələ festivalının əsası 2009-cu ildə qoyulub və ötən dövrdə beynəlxalq musiqi xəritəsində özünə layiqli yer qazanıb. Builki yubiley festivalının proqramı xüsusilə zəngindir.
İyulun 30-da “Gənclərə dəstək” layihəsi çərçivəsində kamera konserti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin simfonik orkestrinin çıxışı olacaq.
İyulun 31-də keçiriləcək kamera konsertlərində Xalq artisti Fərhad Bədəlbəyli (piano), Olqa Yermakova (piano), Dmitri Yablonski (violonçel), Janna Qandelman (skripka) və başqa instrumental ifaçılar, habelə soprano Çinarə Əzimova çıxış edəcək. Axşam keçiriləcək rəsmi açılış konsertində fortepianoda xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova səhnəyə çıxacaq. Orkestri Əməkdar artist Fuad İbrahimov idarə edəcək.
Avqustun 1-də Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə kamera musiqisi axşamı və Kuba septetinin konserti olacaq. Ayın 2-də “Multipiano” konsertində Tomas Lev, Berenika Qliksman, Nimrod Natanel Mayri-Haftel, Almoq Seqal, Ayal-Peleq Pelç, muğam axşamında xanəndələr Abgül Mirzəliyev, Kamilə Nəbiyeva, Səbinə Ərəbli çıxış edəcəklər.
Bakı Kamera Orkestrinin, Budapeşt Qaraçı qrupunun və “Qaytağı” ansamblının konsertləri ayın 3-də olacaq. Avqustun 4-də kamera konsertləri ilə yanaşı, Yerusəlim Simfonik Orkestrinin konserti keçiriləcək. Orkestrə Dmitri Yablonski dirijorluq edəcək. İsrailli musiqiçilər ertəsi gün Şəkidə də çıxış edəcəklər.
Avqustun 5-də Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq. Ayın 6-da Yerusəlim Simfonik Orkestrinə Mixail Xoxlov dirijorluq edəcək. Pianoda Oksana Yablonskaya və Toğrul Hüseynli çıxış edəcəklər. Festivalın sonuncu günü – avqustun 7-də azərbaycanlı musiqiçilərin iştirakı ilə konsert olacaq, bağlanış mərasimində isə Yerusəlim Simfonik Orkestri çıxış edəcək.