İyulun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf-rəssam Rüstəm Hüseynovun çəkdiyi fotolardan ibarət sərginin açılış mərasimi keçirildi.
“Miniatür sənətində miras və müasirlik” adlı sərgidə Azərbaycan Milli İncəsənət Muzeyindəki miniatür əsərlər və Rüstəm Hüseynovun Azərbaycan miniatür məktəblərinin kompozisiya nailiyyətlərinə əsaslanan, müasir texnikadan istifadə edərək çəkdiyi foto və rəqəmsal incəsənət əsərləri təqdim olunur.
Layihənin məqsədi dünənki, bugünkü Azərbaycan miniatür sənətinin sərhəd və müxtəlifliyinin təcəssümünü göstərmək, eləcə də müasir rəssamları Azərbaycan mədəni irs ideyasının gələcək inkişafına ilhamlandırmaqdır.
Açılış mərasimində muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan incəsənətinin dəyərli ənənələrinə müraciət edən Rüstəm Hüseynov onları yeni üslubda təqdim edir. O, klassik sənətkarların ənənəsini davam etdirməklə tamaşaçıya miniatürün müstəvi üzərində müasir təcəssümünü nümayiş etdirir.
Mərasimdə çıxış edən Rüstəm Hüseynov sərginin təşkil olunmasına göstərdiyi dəstəyə görə Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Qonaqlar daha sonra sərgi ilə tanış oldular.
Qeyd edək ki, Milli İncəsənət Muzeyi yalnız müxtəlif klassik miniatür məktəblərinin zəngin kolleksiyalarına deyil, eləcə də miniatür süjet və ənənələri əsasında yaradılan maraqlı dekorativ-tətbiqi sənət nümunələrinə sahibdir. Bu nadir əsərlər Azərbaycanın müxtəlif regionlarından olan sənətkarlar nəslinin ideya və nailiyyətlərinin məcmusunu müxtəlif bədii variasiyalarda əks etdirir.
FARİZ