Xəbər verdiyimiz kimi, İtaliyanın Rimini şəhərində keçirilən “Özünü dünyaya göstər” (“Fatti vedere in tutto le mondo”) adlı Beynəlxalq incəsənət festivalında ölkəmizin təmsilçiləri də uğurla iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin estrada oxuma ixtisası üzrə şagirdi Nigar Seyidova və Bibiheybət Mədəniyyət evinin rəqs ifası üzrə yetirməsi Uğur Məmmədli festivalda I yerə layiq görülüb.

Paytaxtın 7 nömrəli tam orta məktəbinin III sinif şagirdi olan Uğur Məmmədliyə həmçinin festivalın münsiflər heyətinin fəxri üzvü Fabio Lamborgininin fərdi hədiyyəsi təqdim olunub. Bundan əlavə, o, festivalın San-Marinoda keçirilən qala-konsertində də öz bacarığını nümayiş etdirib.