Xəbər verdiyimiz kimi, Bakıda “Uşaqlar bizim gələcəyimizdir” (“Children is our future”) devizi altında Beynəlxalq folklor festivalı keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan festivalda Azərbaycan, Gürcüstan və Hindistandan kollektivlər iştirak edib. Layihənin məqsədi uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində festival iştirakçıları ilə görüş keçirilib.
İdarədən bildirilib ki, görüşdə ilk dəfə təşkil olunan festivalın əhəmiyyətindən söz açılıb, ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Gələcəkdə bu festivalın davam etdirilməsi xüsusi vurğulanıb. Qonaqlar festivalın təşkil olunmasına görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, iyulun 21-də festivalın açılış mərasimində “Aysel” və “Cahan” (Azərbaycan), “Vardiza” (Gürcüstan) və “Bobby dance academy” (Hindistan) rəqs kollektivləri rəngarəng və maraqlı rəqs nömrələri təqdim ediblər.
Festivalın qala konserti iyulun 22-də Hacıağa Abbasova adına Mədəniyyət mərkəzində gerçəkləşib.