Görkəmli türk şairi, ictimai xadim Fethi Gemuhluoğlunun “insana dost olmaq, fikrə dost olmaq, qonşuya dost olmaq, coğrafiyaya dost olmaq, öz vücuduna dost olmaq, görünənə və görünməyənə dost olmaq” fəlsəfəsindən yola çıxan ilk “Uluslararası Dostluq Qısa Film Festivalı” İstanbulda gerçəkləşəcək.
Festival Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Sinema Baş Direktorluğu və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutacaq.
Layihənin direktoru Fayzal Soysalın və bədii rəhbəri Mehmet Lütfi Şenin dediklərinə görə, “dostluq” anlayışına kino sənətinin köməyi ilə yenidən və fərqli baxış, düşüncə və münasibəti sərgiləyəcək festivalın proqramına təkcə film nümayişi deyil, konfranslar, ustad dərsləri, yarışlar da daxil ediləcək. Dostluq mövzusunu beynəlxalq platformada gündəmə gətirmək məqsədi daşıyan festivalın ənənəvi olaraq keçirilməsi planlaşdırılır.
Sənət yarışına qatılacaq milli və əcnəbi filmlər üçün sanballı mükafatlar da nəzərdə tutulub. Birinci yeri tutacaq filmə 40 min, ikinci və üçüncü yeri qazanacaq filmlərə müvafiq olaraq 20 min və 12 min lirə mükafat veriləcək. Ayrıca bir qısametrajlı film üçün isə 15 min lirə məbləğində “Fethi Gemuhluoğlu Dostluq mükafatı” nəzərdə tutulub.
Təşkilat komitəsi festivalın rəsmi internet portalında iştirak ərizələrini qəbul edir. Festival 14-16 dekabr tarixində keçiriləcək.