Bu günlərdə ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət edib.
Qonağı ekspozisiya zalları ilə tanış edən muzeyin direktoru – bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Üzeyir Hacıbəyliyə məxsus memorial əşyalar barədə ona ətraflı məlumat verib. Dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, Üzeyir bəyə məxsus iş masası üzərində olan əşyalar və ümumilikdə interyer, bu evin ab-havası TÜRKSOY-un baş katibində xoş təəssürat yaradıb.
Üzeyir bəyin Almaniya istehsalı olan “Bekker” markalı royalı və royalın üzərindəki XIX əsrin ortalarına aid İtaliya istehsalı skripka qonağın diqqətini xüsusilə cəlb edib. Xatırladaq ki, Düsen Kaseinov özü mahir skripka ifaçısıdır və 1981-1984-cü illərdə Kurmanqazi adına Almatı Dövlət Konservatoriyasının skripka bölümünün müdiri olub.
Daha sonra qonaq bəstəkarın opera və operettalarının səhnə təcəssümünü əks etdirən fotoşəkillərə tamaşa edib. “Leyli və Məcnun”, “Şah Abbas və Xurşud Banu”, “Əsli və Kərəm”, “Koroğlu” operalarından; “O olmasın, bu olsun” operettasının müxtəlif illərə aid, həmçinin “Arşın mal alan” operettasının 1962-ci ildə Qazaxıstanın Uyğur Musiqili Dram Teatrında müvəffəqiyyətli tamaşasından olan maraqlı fotoşəkillər onda böyük maraq doğurub.
Onu da qeyd edək ki, bir neçə il əvvəl TÜRKSOY-un layihəsi ilə “Arşın mal alan” operettası və “Koroğlu” operası uğurla tamaşaya qoyulub.
Muzeydə dahi bəstəkarın sağlığında bu evdə öz sənət yoldaşları, məsləkdaşları ilə görüşlərindən olan xatirə fotoşəkillərinə də baxan Düsen Kaseinov bu ziyarətlə bağlı xoş təəssüratını və gözəl arzularını muzeyin rəy kitabına yazıb, xatirə şəkilləri çəkdirib.