Milyonlarla miyanələrə nisbətdə min dəfələrlə az olan bu şedevrlər olmasaydı –

hər dövrdə ali-irfani bir qədəh qoymağa yer tapılmayan ümumbəşəri zövq süfrəsi bomboş qalardı...

Bunları yaradanlar bəşər mədəniyyətini bütün gələcək böhran-boşluqlardan, bıqdırıcılıqdan, öz səviyyəsizlik “səviyyə”lərilə hər cəmiyyəti ulu sənət iflasından hifz edənlərdir. Bu incilər dünyanın ən ortaq, tam şərikli mənəvi qulaq sırğaları, göz muncuqları, qəlb qidalarıdır...

Bu incilərin bir qismini yaratmış dahi alman bəstəkarı – İOHANN SEBASTYAN BAX

Onun dəfn mərasimi zamanı yaranmış gərgin sükutu son dərəcə məhzun görkəmli   tələbələrindən birinin hüzn dolu pıçıltıları pozub: “Bizim ustadımız qeyri-adi bir sürətlə yaşadı. O qədər qaçaraq və təvazökar yaşadı ki, öz dahiliyindən belə xəbəri olmadı. Bu dünyanın onu olduğu kimi tanıyıb, dəyərini anlaması üçün bəlkə də yüz illər lazım olacaq...”

İllər keçir və həyati reallıqlar o tələbənin ehtimalını xeyli dərəcədə doğruldur; sağlığında bütün ətrafının rəğbət-məhəbbətini qazanan, bütün Almaniyanın və hüdudlarının diqqətini fəth edən, əməli fəaliyyətilə mənsub olduğu milli və dini mədəniyyətə bənzərsiz musiqi töhfələri əlavə edən bu şəxs zamanın digər diktələri və yeni sənət ulduzları fonunda unudulur. Və əgər Motsart, Şopen, Bethoven kimi məşhur isimlər hər dəfə söz düşərkən onu “musiqi göylərinin ən parlaq ulduzu” kimi deyimlərlə dəyərləndirməsəymişlər və XIX əsrin ortalarında növbəti alman dahisi Feliks Mendelsonun təşəbbüsü və dirijorluğu ilə ifa edilən “Matfeyin ehtirasları” əsəri dövrün ən seçkin elitasında qeyri-adi maraq yaratmasaymış, kim bilir, həmin o tələbə ehtimalının reallaşması daha neçə qərinələr uzanacaqmış... 

Bəli, böyük həqiqətlər (və marksizmin dediyi zərurətlər) təsadüflərdən yaranır. Necə ki, mənim bu bəstəkara məxsusi marağım da uşaqlığımla bağlı bir təsadüfdən başlayıb; kolxozumuzun idarə binası qarşısındakı dirəyin başından asılmış radio-repreduktor: “Klassik musiqi xəzinəsindən: dahi alman bəstəkarı İohann Sebastyan Bax” deyəndə, nənəm, həyətimizdə pambıq çiyidləyən iməcilər arasında müharibə illərindən ağlaya-ağlaya danışan bir qarının sözünə qüvvət olaraq qayıtdı ki: “Öz də, sən Allah, bu nemesdərin addarına bax ee, ay Lalanda bajı, Bax! Hara baxaq? Gedər-gəlməz elədiyiniz balalarımızın yollarına?!.”

Hə, –

 

Təsadüflər yaman şeymiş; –

 

necə ki, bu adi Sebastyanı dahi Bax mərtəbəsinə “oğurluq” təsadüfü yüksəldib; XVI-XVII əsrlərin “serial musiqiçilər şəcərəsi” kimi anılan, bəzən “musiqiçi” termini əvəzinə işlədilən “Bax” soyadı daşıyan (cavanlı-qocalı – 150-yə yaxın) bu nəsil içərisində 10 yaşı tamamlanmamış ata-anadan yetim qalıb, özündən çox yaşlı və ailəli musiqiçi qardaşının himayəsinə düşən İohanna evdəki notlara əl vurması qadağan edilir. Lakin Sebastyan hər gecə hamı yatandan sonra əlini dəmir barmaqlıqlar arasından salıb şkafdakı notları götürür, ay işığında köçürüb yerinə qoyur. Böyük qardaş bu işdən gec xəbər tutsa da, məsələni fövrən həll edir; uzun ayların ağır zəhməti və qədərsiz məhəbbətilə başa gəlmiş “müqəddəs dəftər”i onun əlindən zorla alıb cırıqlayır. Bundan bərk qəzəblənən Sebastyan isə acı göz yaşları içində qardaşının üstünə bu sözlərlə çığırır: “Əgər belədirsə, onda mən özüm musiqi yazaram! Bunlardan min dəfə yaxşı yazaram!..”

İllər keçəcək və o böyük qardaş bu kiçik qardaşın dəftərçələrində belə bir (hirssiz-hikkəsiz) tövsiyə də oxuyacaqdı: “Hər hansı musiqi alətində çalmaq asandır. Ancaq, etməli olduğunuz tək şey lazımi düyməyə lazımi zamanda toxunmaqdır. Bu zaman alət öz-özünə çalacaq...”

İllər ötəcək, təsadüflər “Böyük Bax həqiqətləri”nə hələ çox işləməli olacaq.

Məsələn, vacib bir səfərinin təxirə düşməsi hesabına 1829-cu ildə onun əsərləri səslənən konsertlərdən birində iştirak etməli olan dahi filosof Hegel deyəcəkdi: “Möhtəşəm! Həqiqi Protestant! Sağlam ruhlu, tam dəyərini çox gec - təəssüf ki, yalnız indi başa düşdüyüm erudit düha!..”

Onun haqqında qeyri-təsadüfi söylənmiş fikirlər, baş vermiş olaylar daha çox. Bunların – dünya musiqi tənqidi və tədqiqatlarında ehtiva-etiraf edilən ən ümumortaqlarından başlayaq: “İ.S.Baxın dünya musiqisində xidmətləri Şekspirin ədəbiyyat, Nyutonun fizika sahələrindəki mövqelərinə adekvatdır”, “Bax polifonik (çoxsəsli) musiqinin “atası”dır”, “Baxın intellektual zənginlik, texniki mükəmməllik və bədii bənzərsizliyilə seçilən yaradıcılıq irsi özündən sonrakı bəstəkarların yaradıcılığına bütün başqalarından daha çox təsir göstərmişdir”.

1850-ci ildə onun əsərlərini təbliğ edən “Bax Cəmiyyəti” (“Bach Gesellschaft”) yaradılır. Bəstəkarın musiqi üslubu ilə yanaşı, əsərlərinin pedaqoji mahiyyəti də dərindən araşdırılıb-anılır, Bethoven onun xatirəsinə “Diabelli variasiyaları”, Şostakoviç prelüd və fuqalar, Brams “Violençel sonataları” yazır, Stefen Sondym isə ona dair maraqlı bir deyim də “bəstələyir”: “Neçə illərdir Baxdan başqa (özüm başda olmaqla) heç bir bəstəkarı dinləmirəm”.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

Bütün bunlar necə başa gəlib?

 

Altmış beş illik cismani, əlli illik yaradıcı ömründə mindən çox faktiki, beş yüzə yaxın “itkin” musiqi nümunəsini necə yaradıb? Hələ bu “necə”yə iki dəfə evlənmək proseduru və... on biri gözləri qarşısında tələf olmuş  21 uşağa nümunəvi atalıq etmək gərginliyi də əlavə edilirsə…

Hələ onun öz uşaqlığı…

1685-ci ildə Almaniyanın (Turingiya vilayəti, Eyzenax şəhəri) Müqəddəs Georq kilsəsinin orqan ifaçısı Ambrisius Bax və Mariya Elizabeta Bax ailəsinin sonbeşiyi olaraq doğulan İohann skripka və klavesində ifa etməyi uşaq ikən öyrənir. Bu peşəkar musiqiçilər nəslindəki əmilərdən biri bu “cılız qardaşoğlu”ya orqan ifaçılığını incəliklərinədək öyrədir.

1694-cü ildə ana, ardınca ata dünyadan köçür və on yaşlı Sebastyan yuxarıdakı bir epizoddan bildiyiniz vəziyyətə düşür.

14 yaşında Hamburq yaxınlığındakı Müqəddəs Mixael məktəbində Avropa musiqi ənənələrilə daha yaxından tanış olur, din, tarix, coğrafiya və fizika fənləri, fransız, italyan, latın dilləri üzrə müfəssəl təhsil alır, şimal əyalətlərindən  diplomatiya, dövlətçilik və hərb sahələri təmayülü üçün gəlmiş zadəgan övladları ilə tanışlıq, adlı-sanlı orqanistlərlə yaxın münasibətlər ona dünyanın qeyri-musiqi notları da pıçıldamış olur.

Təhsilini başa vurub Veymarda saray musiqiçisi postuna təyin olunan İohann burada mahir klaviş ifaçısı kimi məşhurlaşır, virtuoz orqan ifaçılığı ilə ətrafını heyran edir və kifayət qədər yüksək məvaciblə təmin olunur. Bir müddət sonra orqan prelüdləri bəstələməyə başlayan Bax yaşadığı (əslində, dövrün şüuraltı qanunlarına rəğmən – “mənsub” olduğu) çevrədə qısqanılmağa başlayır. Məsələn, onun 1705-1706-cı illərdə Arnstadı özbaşına tərk edərək ustadı Ditrix Buxtehuda baş çəkməsi (400 km-lik məsafəni piyada qət edərək!) və yerli xor ifaçılarının peşəkarlıq səviyyəsindən narazılığı Baxı Arnstad şəhəri hakim dairələrinin hədəfinə çeviribmiş; hətta burada güclü ailə əlaqələri (və musiqiyə dəlicəsinə aşiq) olan qəyyum-sahibi də “tərəflər” arasındakı gərginliyin qarşısını ala bilməyib.

Onu qısqanclığa düçar edən “səfər” məsələsilə ilgili bir haşiyə: Musiqi taktlarında bu qədər rəngarəng, polifonik bir bəstəkar, tarixə düşmüş söhbət, yazışma, qarşılıqlı sənədləşdirmələrdə bir belə dünyəvi düşüncəli persona həyatı boyu bir dəfə də olsun Almaniyanı tərk etməyib və hətta ölkədaxili səfərlər məsələsində də bir “simiclik” yaşayıb; bir gün o, məşhur fransız orqançalan Lui Marşanla yarışa dəvət edilir, lakin öz “işini” bilən tərəf-müqabil müsabiqə vaxtından xeyli əvvəl şəhəri gizlincə tərk edərək Baxın qələbəsini etiraf etməli olur...

Arnstaddakı vəziyyətinin xeyli major notlarla müşayiət olunmasına baxmayaraq, Bax 1706-cı ildə buradan uzaqlaşmağı qərarlaşdırır. Elə bu macalda Münhauzendəki kilsə ona daha yüksək maaşlı (və daha səviyyəli xor heyətində) orqanist vəzifəsi təklif edir. Buraya gəlişindən az sonra Arnstadda yaşayan əmisi qızı Mariya Barbara ilə evlənir (onların yeddi uşağı olsa da, yetkinlik yaşına yalnız dördü çatacaq və ikisi – V.F.Bax və K.F.Bax dövrünün tanınmış bəstəkarları olacaqlar). Baxın məhz onların şəhərini seçməsindən böyük fəxarət hissi keçirən Münhauzen hakimləri onun çox baha başa gələn Müqəddəs Blasuis kilsəsinin orqanını təzələmək ideyasını yekdilliklə bəyənir və Şəhər Şurasının inauqurasiya mərasiminə həsr etdiyi “Allah mənim şahımdır” kantatasını böyük rəğbət və mükafatla qarşılayırlar. Bu xəbər Veymara çatcaq, əlbəəl ona daha sərfəli iş təklifi gəlir; bir il öncəyədək “mədəni nökər” kimi işlədiyi hersoqun saray orqanisti və konsert maestrosu! Ovaxtların “ən səxavətli məvacibi”, analoqsuz professional musiqiçilər heyəti, hersoq sarayının beş addımlığında dəbdəbəli mənzil...

Son dərəcə gərginlik, uzun-qısa müddətlərdə üzləşdiyi unutqanlıq və qaçhaqaçlarla müşayiət olunan ömür dolaylarında ələ düşmüş bu epizodik rahatlıqda “Brandenburq konsertləri”, “Qoldberq variasiyaları”, “İngilis süitaları”, “Fransız süitaları”, “Müqəddəs Matfeyin ehtirasları” kimi şedevrlər, habelə “Klavir üçün partiyalar”, “B-minorda Mass”, fuqa, skripkada solo konsert üçün sonata və partiyalar, violonçeldə ifa üçün süitalar, 200-dən artıq kantata, eyni sayda orqan musiqisi əsərləri...

Bu kontrapunkt texnikası ustası dahiyanə fuqalarını da məhz Veymarda yazmağa başlayır. Bu illər o öz oğlu V.Fridman üçün yazdığı (həm də həyatının iki əsas qayəsini – musiqi tədrisinə hədsiz bağlılığı və xor musiqisinə qədərsiz məhəbbətini təşkil edən) “Orqan haqqında kiçik kitab”ı ilə də yadda qalır.

 

Lakin –

 

daim zirvə axtarışlı bu musiqi vurğunu burada da dinclik tapmır və Köthen şahzadəsinin kapelmeyster vəzifəsinə dəvətini məmnuniyyətlə qəbul edir. Bu dövrdən sonra onun bəstələdiyi əksər əsərlər öz dünyəvilik xarakteristikası ilə də seçilir.

1720-ci ildə Mariya Barbara qəflətən vəfat edir, növbəti il Bax Köthen sarayının istedadlı sopranosu (özündən 17 yaş kiçik və hətta violonçel üçün süitasının məhz bu xanım tərəfindən yazıldığı güman edilən) Anna Maqdalena ilə evlənir və daha 13 uşaq (bunlardan da yalnız 6-sı sağ qalır) atası olur.

1723-cü ildə Bax Leypsiqdə Müqəddəs Tomas məktəbinin kantoru, eyni zamanda şəhərdəki bütün əsas kilsələrin musiqi direktoru təyin olunur və öz karyerasında ilk hökumət işi olan bu vəzifədə düz 27 il (ömrünün sonunadək) çalışır.

1720-ci illərdə əsasən kantatalar yazan və Leyspiq kilsələri üçün zəngin musiqi repertuarı hazırlayan Bax bir az sonra tamamilə yaradıcılıq fəaliyyətinə başlamaq qərarına gəlir. 1729-cu ilin martında dostu Telemanın dünyəvi musiqilər ifa edən, tərkibinə ən görkəmli peşəkar musiqiçilərin daxil olduğu ansamblına da rəhbər təyin olunur. Bəzi tədqiqatçıların qənaətincə, Bax ömrünün son 30 ilində bəstələdiyi əsərlərin əksəriyyətini bu kollektivdəki uğurlarının müşayiətində yazıb.

1733-cü ildə Saksoniya monarxı Baxı sarayına baş bəstəkar təyin edir.

Və... ölüm yatağında ikən kürəkəninə diktə etdiyi “Taxt-tacın önündə indi mən dayanmışam” adlı sonucu əsəri çap edildikdə (Roma əlifbasilə) sonuncu üç not onun ad-soyadının baş hərflərini göstərir: “JSB”.

Lakin  Bax bu hərflərə baxa bilmir. Heç baxsa da, görə bilməyəcəkdi. Nədən ki, ömür sonları görmə qabiliyyəti çox zəifləmiş, britaniyalı oftalmoloq Con Teylorun uğursuz cərrahiyyə əməliyyatı “sayəsində”sə tamamilə görməz olmuşdu.

28 iyun 1750-ci il axşam saat 21 radələrində “Tanrım, sənin yanına gəlirəm” deyən bəstəkar gözlərini həmişəlik yumur...

Tələbələrindən birinin “çox sürətlə yaşadı” sözlərilə andığı bu dahi avropalı dünya musiqi mədəniyyəti tarixinə çox zəngin bir irslə yanaşı, xeyli cavabsız suallar da qoyub gedib ki, bunlardan biri də, çoxdan bəridir bu adi şərqli bəndənizdə: musiqinin bütün janrlarında 1000-dən çox gözəl nümunə yaratmış bu bəstəkar nədən bir dənə də olsun opera yazmayıb və bunun özü maraqlı bir opera mövzusu deyilmi?..

Tahir ABBASLI