Ötən əsrin birinci yarısında musiqi mədəniyyətimizin inkişafına töhfə verən bir çox qadın xanəndələr olub. Muğam və xalq mahnılarımızı özünəməxsus şəkildə ifa edən Əməkdar artist Yavər Kələntərli belə görkəmli sənətkarlardan idi.

Yavər Abbas qızı Zamanova (Kələntərli) 26 mart 1902-ci ildə Şamaxı şəhərində doğulub. Onun dünyaya gəldiyi vaxt şəhərdə dağıdıcı zəlzələ olmuş, atası da bu fəlakət zamanı həyatını itirmişdi. Körpə qızcığaz anasının himayəsində qalır. Vəziyyətin günü-gündən çətinləşdiyini görən ailə Bakıya köçmək məcburiyyətində qalır... Mənbələrdə göstərilir ki, sonralar uşaqlıq illərini yada salan Yavər xanım anasının onu hansı çətinliklə böyütdüyünü ürəkağrısı ilə xatırlayaraq belə bir ağı deyərmiş:

Mən aşiq, çaşdı zəlzələ,
Çox aşdı-daşdı zəlzələ.
Zəhmət çəkib çini qab aldım,
Sındırdı, qaçdı zəlzələ...

Akademik Rafael Hüseynov “Kələntərlilər” adlı araşdırmasında yazır: “Onların nəslinə Şamaxıda “çavuşlar” deyiblər. Yavər xanımın babası Şirvanda qəsidə oxumaqda məşhur olub. O, Mustafa xanın qəsidəçisiymiş. İyirmi bir dəfə Kərbəla səfərində olmuş Abbas kişi – Yavərin atası səs sarıdan bəxtliymiş və yanıqlı avazı olub. Amma Yavər xanım o səsi eşitməmişdi. Atasını zəlzələ ondan alanda Yavər qırxgünlük imiş”.

Araşdırmalarda o da bildirilir ki, görkəmli şair Abbas Səhhət Yavər xanımın bibisi oğlu olub.

Nəsillərində muğam və musiqiyə məhəbbət olsa da, gələcəyin məşhur xanəndəsi  bu yolda maneələrlə üzləşir. Ona “qız uşağı oxumaz” deyirlər. Yavər xanımın səhnəyə gəlişi bir təsadüf nəticəsində baş verir. 1916-cı ildə Qızlar məktəbində təhsil aldığı vaxt orada Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri tamaşaya qoyulur. Gənc qıza kişi rolu tapşırılır. Yanıqlı və məlahətli səsi dahi Üzeyirin xoşuna gəlir. O, Yavərin qardaşı Hacıbala Zamanovla Qori Müəllimlər Seminariyasında bir yerdə oxuduğu üçün onlarda tez-tez olurdu. Günlərin birində “Leyli və Məcnun” operasının məşqləri zamanı Üzeyir bəy Yavəri dinləyir, onun səsinin elə Leyli üçün yarandığını deyir.

Dahi bəstəkarın arzusu Yavərin ailəsində müsbət qarşılanmasa da, ona etiraz da etmirlər. Bəstəkarın təkidi ilə Yavər 1922-ci ildə birillik musiqi kursuna gedir. Yenə də səhnəyə gedən yolda maneələr yaranır... Nəhayət, vaxt gəlir o, sevdiyi oğlanla yox, qohum-əqrəbanın seçdiyi lənkəranlı müəllimlə - Xudaverdi Kələntərli ilə ailə qurur. O, Yavərin oxumasına icazə vermir. Bu evlilik 18 il çəkir...

Bir gün Yavər xanımın dayısıgildə ailə məclisi qurulur. Məclisdə iştirak edən bəstəkar Müslüm Maqomayev söhbət zamanı deyir: “Eşitmişəm ki, Yavərin gözəl səsi var, musiqi istedadına malikdir, muğamatı yaxşı bilir. İstərdim ki, bu məclisdə oxusun”. Uzun çək-çevirdən sonra Yavər həyat yoldaşının razılığını alaraq ayağa qalxıb “Segah” üstdə “Leyli və Məcnun” operasından bir qəzəl oxuyur. Məclis dərin sükuta qərq olur. Onun məlahətli səsi hamını valeh edir. İkinci dəfə yenə də oxumasını istəyirlər. Bu dəfə xanəndə “Kəsmə şikəstə” ifa edir. Bundan sonra M.Maqomayevin təkidi ilə Yavər xanım tədbirlərə dəvət alır...

O, Üzeyir bəyin məsləhəti ilə muğamı dərindən öyrənmək üçün o dövrün məşhur xanəndələri Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskidən dərs alır. 1924-cü ildə şəhərin “Maarif evi”ndə Yavər Kələntərlinin konserti təşkil olunur. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət edirlər. 1937-ci ildə Yavər xanım Opera və Balet Teatrına dəvət olunur. O, opera səhnəsində Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”) rollarının mahir ifaçısı kimi tanınır. Ancaq çox keçmir taleyi yenə də gətirmir. On yeddi yaşlı oğlu vəfat edir. O, teatrdan uzaqlaşmaq qərarı verir. Üzeyir bəyin təşəbbüsü ilə hər ay teatrdan maaş alsa da, səhnəyə qayıtmır. Bir gün Ü.Hacıbəyli Səməd Vurğun ilə ona baş çəkməyə gedirlər. Yavər xanım böyük bəstəkarın sözündən çıxmır. Beləliklə, o, yenidən opera səhnəsinə qayıdır.

Araşdırmalarda o da qeyd olunur ki, Üzeyir Hacıbəyli vəfat edəndə (1948) Yavər Kələntərli onun tabutu başında ağı deyib. Yanıqlı bir səslə ucadan oxuyur və ağlayırmış. Başını yuxarı qaldırarkən yanında Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırovu görür. Səsini qəflətən kəsir və nə edəcəyini bilmir. M.Bağırov dəsmalını çıxarır gözlərinin yaşını silə-silə “oxu, oxu” deyir...

1938-ci ildə xanəndənin ifalarından ibarət qrammofon valı buraxılır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə o, 1940-cı ildə Əməkdar artist fəxri adına layiq görülür. Bir il sonra İranda qastrol səfərində olur. Təbriz, Mərənd, Xoy, Miyanə və digər şəhərlərdə  konsertlər verir...

Yavər Kələntərli 5 fevral 1979-cu ildə vəfat edib.

Savalan FƏRƏCOV