Avqustun 1-də Türkiyənin Egey dənizi sahilindəki məşhur istirahət mərkəzi olan Bodrum şəhərində (Muğla vilayəti) ənənəvi balet festivalı başlayacaq. XVI Bodrum Beynəlxalq Balet Festivalı avqustun 15-dək davam edəcək.

Antik teatrın tarixi atmosferində keçiriləcək festival yunan yazıçısı Nikos Kazandzakisin indiyədək 30-dan çox ölkədə nümayiş olunan “Zorba” əsərinin balet tamaşası ilə açılacaq. Mikis Teodorakisin musiqisi, Lorca Massinenin mətn və xoreoqrafiyası əsasında hazırlanan tamaşa Ankara Dövlət Opera və Baleti tərəfindən təqdim ediləcək.

İspaniyadan gələn Rosario, Ricardo və Joze Castro Romero adlı üç qardaşın yaratdığı “Castro Romero Flamenco” qrupu öz musiqi və xoreoqrafiyaları əsasında hazırladıqları “Esencia Flamenca” əsəri ilə 3 avqustda səhnəyə çıxacaq.

Vyana Dövlət Opera və Balet Teatrının ulduzları “Baletin ən yaxşıları” kompozisiyasını 8 avqustda nümayiş etdirəcək.

11 avqustda İstanbul Dövlət Opera və Balet Teatrının artistləri tərəfindən “Don Kixot” baleti təqdim olunacaq.

Festivalın bağlanış mərasimində Ankara Dövlət Opera və Balet Teatrının Modern rəqs ansamblı “Frida”nı ifa edəcək.

Mehparə SULTANOVA
Ankara