Xalq artisti Emin Ağalarov: “Bu ad Azərbaycanın təbliği istiqamətində fəaliyyətimi əsirgəməyəcəyimə və onu şərəflə daşıyacağıma bir işarədir”

İyulun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış müğənni və bəstəkar, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsini və döş nişanını təqdim etdi.

Müğənni fəxri ada Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixdə imzaladığı sərəncama əsasən layiq görülüb.

Musiqiçini bu münasibətlə təbrik edən nazir bildirdi ki, ölkə başçısı tərəfindən təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir. Çünki Emin Ağalarov müğənni və təşkilatçı kimi bu gün müasir Azərbaycan mədəniyyətini təkcə keçmiş sovet məkanında deyil, bütün dünyada layiqli şəkildə təbliğ edir: “Azərbaycan mədəniyyətinin və ümumiyyətlə, ölkəmizin tanıdılması istiqamətində fəaliyyətinizə görə siz bu ada layiqsiniz və inanıram ki, bundan sonrakı fəaliyyətiniz də səmərəli olacaq”.

“Jara” Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini bölüşən Əbülfəs Qarayev qeyd etdi ki, artıq üçüncü ildir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi festivalın təşkilində yaxından iştirak edir: “Biz bu böyük musiqi layihəsində birgə əməkdaşlıqdan məmnunluq duyuruq. Azərbaycan mədəniyyətinin təbliği baxımdan “Jara” festivalı böyük əhəmiyyət kəsb edir”.

Nazirə təşəkkürünü bildirən Emin Ağalarov “Jara”nın sadəcə festival deyil, böyük musiqi platformasına çevrildiyini dedi: “Artıq üçüncü festivalı böyük hərarətlə və uğurla arxada qoyduq. Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox artist çıxış etdi. Gün ərzində 75 ifaçı səhnəyə çıxdı. Bütün qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edildi. Gün ərzində 6 saatlıq konsertin reallaşdığı festivalın Rusiyanın baxımlı “Muz TV” kanalı ilə canlı yayımlanmasının özü də böyük əmək və məsuliyyət tələb edirdi. Çətin olsa da, bu işin öhdəsindən gələ bildik. Heydər Əliyev Mərkəzinin qarşısında Bakı sakinləri üçün keçirdiyimiz konsert isə daha yaddaqalan oldu. Çünki bizə konsertdə iştirakla bağlı çoxsaylı mesajlar yazılırdı. Belə qərara gəldik ki, bu məqsədlə belə bir konsert təşkil edək. İnanıram ki, növbəti festival daha rəngarəng və hərarətli olacaq. Bakının tarixi İpək Yolu üzərində yerləşməsi onu həmişə qonaqlar və turistlər üçün cəlbedici edib. Multikulturalizm beşiyi olan Azərbaycan bu festival çərçivəsində dostluğu və sülhü bir daha tərənnüm edir”.

Təqdimatdan sonra jurnalistlərə müsahibə verən Emin Ağalarov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ən yüksək fəxri adına layiq görülməyindən şərəf duyduğunu bildirdi: “Hər bir ifaçı üçün bu fəxri ad həm məsuliyyət, həm də şərəfdir. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa sinəmdə Azərbaycanın “Xalq artisti” fəxri adının nişanı ilə müsahibə vermək nəsibim olacaq. Bu fəxri ad hər zaman Azərbaycanın təbliği və tanıdılması istiqamətində fəaliyyətimi əsirgəməyəcəyimə və bu adı şərəflə daşıyacağıma bir işarədir. Bilirsiniz ki, “Jara” festivalını uğurla yekunlaşdırdıq. Festival Bakının mədəni həyatına sevgi, hərarət və coşqunluq gətirdi. Bu bayramda həm yaşlı, həm də gənc nəsil öz zövqlərinə uyğun musiqi dinləyə bildi. Bu gün Moskvaya qayıdıram və növbəti festivalın hazırlıqlarına başlanılacaq. Bir daha ölkə rəhbərliyinə həm yaradıcılığıma, həm də fəaliyyətimə verdiyi yüksək dəyərə görə dərin minnətdarlığımı bildirirəm”.

LALƏ