Azərbaycan-Yaponiya ekspedisiyası Damcılı mağarasında tədqiqatları davam etdirir
Xəbər verdiyimiz kimi, Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində, Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır.
2015-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə qoruq ərazisində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün heyət dəvət olunub. 2016-cı ildə Damcılı mağara düşərgəsində arxeoloji qazıntılar başlanıb. Bu günlərdə mədəniyyət naziri Əbülfəs Qarayev qoruq ərazisinə baş çəkərək arxeoloji tədqiqat işləri ilə tanış olub, müvafiq tapşırıq və tövsiyələr verib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, tədqiqat işlərinə yaponiyalı mütəxəssislərlə yanaşı institutun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov (ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri) və Mənsur Mənsurov, elmi işçilər Yaqub Məmmədov və Ülviyyə Heydərova cəlb ediliblər.
Yaponiya tərəfini Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin (ekspedisiyanın Yaponiya tərəfindən rəhbəri) başçılığı ilə Qədim Şərq Muzeyinin, Yapon Elmin İnkişafı Cəmiyyətinin, Vaseda Universitetinin, Kanazava Universitetinin və digər elmi mərkəzlərin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və başqa sahələr üzrə mütəxəssisləri təmsil edirlər. Aparılan tədqiqatlar nəticəsində ərazidə Tunc, Xalkolit, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə aid təbəqələr aşkar olunub.
Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış Mezolit təbəqəsi qeydə alınıb. Bu tədqiqatın əsas məqsədi regionda Neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Tapılan maddi mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün onların üzərində Yaponiya laboratoriyalarında araşdırmalar aparılıb. Damcılı düşərgəsində toxunulmamış Mezolit mədəni təbəqəsinin aşkarlanması Azərbaycan ərazisində Neolit mədəniyyətinin (əsasən Şomutəpə mədəniyyətinin) kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasının məhz yerli Mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir. Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək.
Qeyd edək ki, Azərbaycanda ilk Qədim Daş dövrünə aid abidə – Damcılı mağarası 65 il əvvəl aşkarlanıb. 1956-1957-ci illərdə burada aparılan tədqiqatlar zamanı Orta Paleolit (Mustye mədəniyyəti), Üst paleolit, Mezolit, Neolit və Orta əsrlərə aid materiallar aşkar olunub.