Lerik rayonunun Gürdəsər kəndində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl V-III əsrlərə aid insan qəbirləri və maddi mədəniyyət nümunələri aşkar edilib.
2012-ci ildən Gürdəsər kəndində Piboz adlanan təpədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.
Lerik rayon mərkəzindən 20 kilometr aralıda yerləşən bu ərazidə antik dövrə aid torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə müvafiq olaraq sağ və sol böyrü üstə uzadılmış insan skeletləri, onların yanında isə saxsı qablar və tunc bəzək əşyaları, qılınclar, nizə, bıçaq aşkarlanıb. Eyni zamanda heyvan şəklində qablar da vardır ki, bunların da xüsusi ayinlərlə bağlı olduğu bildirilir.
Ekspertiza rəisi Ceyhun Eminli bildirib ki, qazıntılar zamanı ümumilikdə 180-dən çox qəbir aşkar olunub. Burada 2400-2500 il əvvəl geniş bir ərazini əhatə edən qəbiristanlıq olub. Qəbiristanlıq sıxlığı ilə də diqqət çəkir. Bu, onu göstərir ki, həmin dövrdə ərazidə 300-500 illik bir dövrü əhatə edən yaşayış olub.
2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir.