Tanınmış instrumental ifaçı, Ə.Quliyev adına Salyan rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən “Mahirlər” xalq-ailə ansamblının bədii rəhbəri Həsənağa Sadıqov uzun sürən xəstəlikdən sonra avqustun 1-də, 67 yaşında dünyasını dəyişib.
Həsənağa Bilal oğlu Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. O, uşaq yaşlarından müxtəlif musiqi alətlərində ifa etməyi öyrənərək atasının və babasının yanında el məclislərinə, toylara gedib. Saz ifaçılığı ilə bərabər, balabanda, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.
1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetini mədəni-maarif işi ixtisası üzrə bitirib. 1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.
Həsənağa Sadıqov ABŞ, Norveç, Vyetnam, Almaniya, eləcə də Afrika qitəsi ölkələrində konsert proqramı ilə çıxış edib.
Salyan rayon Mədəniyyət mərkəzindən bildiriblər ki, sənətkarı son mənzilə mədəniyyət işçiləri, rayon sakinləri yola salıb.
Allah rəhmət eləsin.