CNN kanalının saytında Şəki haqqında məqalə
ABŞ-ın CNN televiziya kanalının saytında “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri” sərlövhəli məqalə yerləşdirilib.
Məqalənin müəllifləri Morin Oheyr və Cəfər Almadhun yazırlar ki, Azərbaycan nefti ilə şöhrət tapmazdan əvvəl öz ipəyi və ədviyyatının keyfiyyəti ilə məşhur idi. Avropa ilə Asiyanın kəsişdiyi məkanda, Xəzər dənizinin sahilində və Qafqaz dağlarının ətəyində yerləşən ölkə qədim ticarət marşrutlarının şəbəkəsi olan və Şərqlə Qərbi birləşdirən İpək Yolunun mühüm hissəsi idi.
Diqqətə çatdırılır ki, İpək Yolunun Azərbaycanın şimal-qərbindən keçən hissəsində yerləşən Şəki şəhəri XIX əsrin əvvəlində dünyada ipək istehsalı üzrə mərkəz olub. Çay daşları ilə döşənmiş küçələri və orta əsr memarlığı ilə seçilən Şəki müasir Azərbaycanın ən mənzərəli şəhərlərindən biridir.
Şəkinin tarixi abidələrini təsvir edən müəlliflər qeyd edirlər ki, yüz illər bundan əvvəl İpək Yolu boyu çoxlu mehmanxanalar vardı, bu gün Azərbaycana gələn əcnəbilər isə XVIII əsrə aid olan və orijinal üslubda tikilmiş “Yuxarı Karvansara” hotelində qala bilərlər.
Məqalədə bildirilir ki, Şəki Xan sarayı şəhərin ən məşhur tikilisidir. XVIII əsrdə inşa edilmiş ikimərtəbəli bina öz zəngin interyeri və eksteryeri ilə fərqlənir. Binanın içərisində çiçəklər, fauna, döyüş və ov səhnələri təsvirləri olan kompleks freskalarla bəzənmiş altı otaq var.
Ticarət şəhərinin kosmopolit ruhuna uyğun olaraq, Şəki dini müxtəlifliyin uzun tarixinə malikdir. Bölgədə çoxlu kilsə və məscid var. Şəhərin şimalından bir neçə kilometr aralıda yerləşən Kiş kəndində tikintisi eramızın I əsrində başa çatmış bölgənin ən qədim məbədi var.
Beynəlxalq oxucu auditoriyası üçün yerli mətbəxin xüsusiyyətlərindən bəhs edən müəlliflər yazırlar ki, çörəklə yeyilən piti yeməyi yerli kulinariyanın özəl təamıdır, şəkər və qozdan hazırlanan halva isə bölgənin ən sevilən şirniyyatıdır. Şəhərin hüdudlarından kənardakı qədim İpək Yolunu birləşdirən yollar isə yenə tacirlərlə doludur.