Xəbər verdiyimiz kimi, TÜRKSOY Gənclər Kamera Orkestri ikinci dəfə Balkan turuna çıxıb. Azərbaycanlı gənc dirijor Mustafa Mehmandarovun idarə etdiyi orkestrin budəfəki qastrol səfəri TÜRKSOY-un 25 illik yubileyinə həsr olunub.

Kollektivin səfər proqramı iyulun 26-da Kosovonun paytaxtı Priştinada keçirilən konsert proqramı ilə başlayıb. Orkestr 2002-ci ildən ənənəvi olaraq keçirilən “Sənətlə oyanmaq” festivalının bağlanış mərasimində səhnəyə çıxıb.

Növbəti konsert iyulun 27-də Kosovonun Prizren şəhərində baş tutub. Prizrenin “Lumbadhi” kinoteatrında gerçəkləşən konsertdə TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Türkiyənin Kosovodakı baş konsulu Eylem Altunya, Kosovonun dövlət idarəetmə naziri Mahir Yağcılar, yerli sənətçi və musiqisevərlər iştirak edib. Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə qurulan orkestrdə bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyədən sənətçilər yer alıb. Azərbaycandan dirijor Mustafa Mehmandarovdan savayı skripka ifaçısı Hüseynəli Hüseynəliyev də kollektivdə yer alıb. O, qastrol turuna ilk dəfə qatılıb.

Konsertlərin proqramı iki hissədən ibarətdir. Birinci hissədə dünya bəstəkarlarının klassik əsərləri, ikinci hissədə türk ölkələrinin tanınmış bəstəkarlarının əsərləri ifa edilir. Orkestrin budəfəki qastrol repertuarına Yan Sibelius, Anton Arenski və Johann Sebastyan Bax kimi tanınmış bəstəkarlarla yanaşı, Azərbaycandan Qara Qarayev, Türkmənistandan Nuri Xalməmmədov, Qırğızıstandan Seytalı Mədətov və Türkiyədən Ülvi Camal Erkin kimi sənətkarların əsərləri də daxil edilib.

Səfər turunun növbəti konserti 30 iyulda Çernoqoriyanın (Monteneqro) Çetinje (Tsetine) şəhərində gerçəkləşib. Monteneqro Milli Muzeyinin salonunda gerçəkləşdirilən konsertdə çox sayda sənətsevər iştirak edib.

TÜRKSOY Gənclər Kamera Orkestrinin qastrolu avqustun 1-də Bosniya və Herseqovinanın Mostar şəhərində davam edib. Orkestr həmçinin avqustun 3-də bu ölkənin paytaxtı Sarayevoda və 4 avqustda isə Zenica (Zenitsa) şəhərində dinləyicilərlə görüşəcək.

Mehparə SULTANOVA
Ankara