Xalq artisti Emin Ağalarovun baş prodüseri olduğu və işçi adı “Bakıda Jara” (“Жара в Баку”) olan filmin çəkilişləri davam edir.
Filmin əsas qəhrəmanları moskvalı qız Darya və bakılı oğlan Muraddır. Filmdə, həmçinin iyulun 26-dan 29-dək Bakıda keçirilmiş “JARA-2018” beynəlxalq musiqi festivalında iştirak etmiş Rusiya estradasının ən parlaq ulduzları da çəkiliblər.
Layihənin prodüseri Teymur Cəfərovdur. O bildirib ki, filmin personajlarından biri də elə doğma şəhərimizdir: “Bakını əcnəbi tamaşaçıya mükəmməl şəhər kimi təqdim etmək istəyirik”.
Filmdə Darya rolunu rusiyalı aktrisa Diana Pojarskaya oynayır. Murad rolunda isə aktyor Nail Abdrahmanov çəkilir.
Qeyd edək ki, filmin Azərbaycandakı distributor şirkəti “Cinema Distribution”dur və o, “Cinemaplus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.