Prezident İlham Əliyev avqustun 15-də Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, 2018-ci ilin dekabr ayında Azərbaycanın görkəmli opera müğənnisi Gülxar Həsənovanın anadan olmasının 100 illiyi tamam olur. Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri var.
Sərəncamda Mədəniyyət Nazirliyinə Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.