Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində çıxış edəcək. Bu, dünya şöhrətli kollektivin Heydər Əliyev Mərkəzində üçüncü konserti olacaq. Musiqi kollektivi 2014-cü və 2016-cı illərdə bu səhnədə tamaşaçılara maraqlı repertuar, peşəkar ifa təqdim edib.
Növbəti konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” Yohann Ştrausun, həmçinin digər klassiklərin – ata Yohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri ifa olunacaq.
Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçəcək. O, dirijorluqla yanaşı, həm də skripkada ifa edəcək.
1978-ci ildən fəaliyyət göstərən Ştraus Festival Orkestri Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.