“Yetim Cümşüd hara, oxumaq hara?”
XIX-XX əsrlərdə şöhrəti ölkəmizin hüdudlarını aşan, ecazkar səsi ilə könülləri fəth edən sənətkarlarımız olub. Muğam ifaçılığı tariximizdə özünəməxsus yer tutan belə sənətkarlardan biri də Malıbəyli Cümşüddür...
Yevlaxdan gələn sərnişin dolu dördatlı araba “Xan bağı” karvansarasının qarşısında dayanır. Sərnişinləri düşürən arabaçı yaxınlıqdakı Malıbəyli kəndinə - evinə dönür. Bu vaxt arxadan bir səs gəlir: “Cümşüd, ay Cümşüd, bəri qayıt!”
Bu, “Xan bağı” karvansarasının sahibi Tanrıverdi idi. O, qonaqların istirahəti üçün çox vaxt karvansaraya sazəndə dəstəsi də dəvət edərdi. Qarabağın bir çox məşhur çalıb-oxuyanları buradan keçərkən istər-istəməz Tanrıverdi kişinin qonağı olardı. Karvansaranın daimi çalıb-oxuyanı xanəndə Cümşüd idi. O, bu kənddən olduğu üçün el arasında “Malıbəyli Cümşüd” kimi tanınırdı.
O, kiçik yaşında valideynlərini itirir, uşaqlığı ağır ehtiyac içərisində keçir. Altı yaşında ikən yad qapısında nökərlik, mehtərlik edir. Bir az böyüdükdən sonra Şuşa ilə Yevlax arasında araba sürür...
Cümşüd uşaqlıqdan musiqiyə həvəs göstərir. Onun muğamı yaxşı əxz etməsində Qarabağın musiqi məclisləri, xüsusilə yaşadığı karvansara həyatının mühüm təsiri olur. Lakin həyatında baş verən bir hadisə onun taleyini həmişəlik musiqi aləminə bağlayır. Musiqişünas Firudin Şuşinski araşdırmasında yazır ki, bir gün Novruz bayramı ərəfəsində “Xan bağı” karvansarasında böyük şənlik təşkil edilir. Qarabağın adlı-sanlı adamları Tanrıverdi kişinin qonağı olurlar. Bu zaman xanəndə “Şahnaz” Abbas qəflətən xəstələnir. Məclisin musiqisiz olacağı hər kəsi mütəəssir edir. Bu zaman nökərlərdən biri dillənir:
- Ağa, xanəndənin xəstələnməsindən heç də dilxor olma! Axı bizim öz xanəndəmiz var.
Tanrıverdi kişi maraq dolu nəzərlərini nökərə tərəf çevirir:
- Nə danışırsan, hardandı bizdə elə oxuyan? Kimdir o?...
- Arabaçı Cümşüd.
Cümşüd adını eşidən Tanrıverdi bir az da əsəbiləşir:
- Ə, nə danışırsan! Yetim Cümşüd hara, oxumaq hara?
Nəhayət, Cümşüdü çağırırlar. Tarzən tələsik tarı sinəsinə sıxır və deyir:
- Oğlum, nə oxuya bilərsən?
Cümşüd:
- Ürəyin nə istəyir, onu da çal.
On altı yaşlı gəncin belə ötkəm cavab verməyi tarzəni sevindirir:
- Onda bizim üçün bir “Segah” oxu.
Gəncin zil səsi, uzun nəfəsi və sürəkli zənguləsi hamını heyran edir. O, coşqun zəngulələrlə muğamın zilinə qalxır və tarın son pərdələrində ustadlara məxsus guşəxanalıq edir. Məclisi alqış sədaları bürüyür. Cümşüd daha sonra “Şahnaz”ı da gözəl oxuyur. Qavalı yerə qoyanda məclisin hər yanından onun başına qızıl-gümüş pullar tökülür... Məclisdə əyləşən tacir Məşədi Nəcəfqulu Cümşüdü təbrik edir arabaçılığı buraxmasını tapşırır. Cibindən bir yüzlük çıxarıb qaval alması üçün ona verir...
Bir neçə gündən sonra kənd camaatı əynində çit arxalıq, çuxa, belində gümüşü kəmər, başında buxara papaq və əlində sədəfli qaval tutmuş bir cavan oğlan gördülər. Artıq bu oğlan mehtər-arabaçı Cümşüd yox, xanəndə Cümşüd idi...
Çox keçmir, gözəl və məlahətli səsi ilə hamını sehrləyən Cümşüd məclislərin bəzəyinə çevrilir.
Xanəndə Cümşüdün oxuduğu “Orta mahur”, “Şüştər”, ritmik muğamlardan “Heyratı”, “Ovşarı”, “Qarabağ şikəstəsi” və s. ustad sənətkarlar tərəfindən yüksək qiymətləndirilir. Araşdırmalarda göstərilir ki, Cümşüd kənddə böyüdüyündən daha çox kənd toylarına meylli olub. Buna görə də qədim xalq mahnılarının ifasına xüsusi diqqət yetirib. Xanəndə “Ay dərya kənarında”, “Stəkanın deşilsin”, “Gəlirəm, gedirəm, xəbərin olsun”, “Ay bala Fatma”, “Qapıda duran mənəm, mən”, “Məni dövri fələk qoymuş” xalq mahnılarını xüsusi məharətlə ifa edib.
Daha çox M.P.Vaqif, X.Natəvan, Aşıq Ələsgər irsinə müraciət edən ifaçının şan-şöhrəti Qarabağın hüdudlarını aşır. Sorağı Şirvan elinə çatır. Şamaxılı Mahmud ağa onu şairlər yurduna dəvət edir. Bir neçə ay Mahmud ağanın qonağı olan xanəndə daha sonra görkəmli tarzən Cavad bəy Əlibəy oğlu ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunur. O, hər yerdə Azərbaycan musiqisinin incəliklərini, dərin məna çalarlarını və Qarabağ xanəndəlik məktəbinin şöhrətini layiqincə nümayiş etdirir.
Mənbələrdə musiqiçinin eyni zamanda Şuşada göstərilən opera tamaşalarında və “Şərq konsertləri”ndə yaxından iştirak etdiyi bildirilir. Onun yaxından iştirakı ilə 7 noyabr 1909 və 23 may 1910-cu il tarixlərdə Malıbəyli kənd məktəbinin şagird və müəllimləri iki dəfə ədəbi-musiqili gecə təşkil ediblər. Bu sənət axşamlarında toplanan vəsait məktəb üçün xərclənir. 1912-ci ilin fevralında Malıbəyli kəndində ikisinifli məktəbin müəllimlərinin və xanəndə Cümşüdün iştirakı ilə tamaşa göstərilir. Tamaşada yığılan pul da Qız məktəbinin ehtiyaclarına sərf olunur.
1913-cü ildə xanəndə Kiyevin “Ekstrafon” şirkətindən dəvət alır. O, “Segah”, “Mahur”, “Rast” və “Şikəsteyi-fars” muğamlarını qrammofon valına yazdırır.
Görkəmli muğam ustası 1915-ci ildə, təxminən 70 yaşında Şuşada vəfat edib.
Savalan FƏRƏCOV