Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində dəyirmi masa
Qəbələ rayonunun Nic qəsəbəsi dünyada udilərin yığcam şəkildə məskunlaşdıqları yeganə yaşayış məskənidir. Ölkəmizdə tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri uzun illərdir mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətlərinə hörmət şəraitində yaşayırlar. Bu fikirlər Prezident yanında Bilik Fondunun avqustun 19-da Qəbələ rayonunun Nic qəsəbəsində keçirdiyi “Azərbaycan dünyada tolerantlığın məkanıdır” mövzusunda dəyirmi masada səsləndirilib.
Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində təşkil edilən tədbir Nic qəsəbəsində yeni açılan “Azərbaycan Udi Ocağı” mədəniyyət mərkəzində gerçəkləşib.
Fondun sektor müdiri Hacı Abdulla, Alban-udi xristian dini icmasının rəhbəri Robert Mobili, Nic qəsəbə icra nümayəndəsi İbrahim Məmmədov, “Cotari” alban kilsəsinin dini rəhbəri Rafiq Danakar və başqaları çıxış edərək Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə dünyaya nümunə olan multikultural və tolerantlıq mühitinin yarandığını diqqətə çatdırıblar. Qeyd olunub ki, dövlət başçısının dini icmaların fəaliyyəti üçün mütəmadi olaraq ayırdığı maliyyə yardımı ölkədəki multikultural dəyərlərin yüksək səviyyədə qorunmasının daha bir təzahürüdür. Alban-udi xristian icması da bu qayğını daim hiss edir. Qəsəbədəki Alban-udi kilsəsinin bərpası, mədəniyyət mərkəzinin açılması bu qayğının nümunəsidir.
Diqqətə çatdırılıb ki, udilərə öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün hər cür şərait yaradılıb. Hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Hər məhəllədə müsəlmanların və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min nəfər əhalisi olan qəsəbədə 3500-dən çox udi yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Azərbaycanda milli-mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğı yerli sakinlər tərəfindən razılıqla qarşılanır.
Qeyd olunub ki, Bilik Fondu mütəmadi olaraq Nic qəsəbəsində müxtəlif tədbirlər, layihələr həyata keçirir. Fondun qəsəbədəki orta məktəbdə açdığı “Azərbaycan dili” kurslarında gənclər dövlət dilimizi böyük həvəslə öyrənirlər. Ödənişsiz əsaslarla artıq üç ildir fəaliyyət göstərən bu kursların dinləyicilərinə təlim-dərs prosesindən əlavə, Azərbaycan dili və ədəbiyyatına dair kitablar da hədiyyə olunur, intellektual yarışlar, gəzintilər, ekskursiyalar təşkil edilir.
Tədbir çərçivəsində kursun builki 12 məzununa sertifikatlar da təqdim olunub. Kursu bitirənlər adından çıxış edən Artur Mancari, Karlen Atoqoy, Olen Qukasari Bilik Fondunun və Alban-udi xristian icmasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda Bilik Fondu tərəfindən kursa iki yüz kitab hədiyyə olunub.