Rusiyalı müğənni Bakıda çəkdirdiyi klipi yayımlayıb

Rusiyanın Əməkdar artisti Alyona Apina Bakıda çəkdirdiyi “Gəl, belə edək” klipini yayımlayıb. Ekran işini azərbaycanlı rejissor Aslan Əhmədov ərsəyə gətirib.

Rejissor bildirib ki, Bakıda klip çəkmək onun çoxdankı arzusu olub: “Bu klipi vətənimdə, Bakıda çəkdik. Məni seçib inandığı üçün Alyona Apinaya təşəkkür edirəm. Vətənimdə çəkilişlər aparmaq bu işi mənim üçün unudulmaz etdi”.

Müğənni ekran işini azərbaycanlı rejissora həvalə etməsinin səbəbini açıqlayıb: “Bakı onun vətənidir, Aslan oranı bütün qəlbi ilə sevir. Çəkiliş üçün maraqlı mənzərə seçib. Onun dediklərinə güvəndim və razılaşdım. Buna görə peşman da deyiləm”.

Alyona Apina deyib: “Çəkilişlər Xəzər dənizi sahilində və Qobustanda aparılıb. Qobustan dünyanın ən qədim məskənlərindən biridir. Oranı açıq səma altında muzey adlandırırlar. Bakıda çox olmuşam, hər dəfə də iş üçün getmişəm. Bakı Dubaya bənzəyir. Amma oranın öz qəlbi var. İçəridə hələ də qədim ab-hava qorunub saxlanılır. İndi məni seçim qarşısında qoysalar ki, Bakı, yoxsa Paris, Bakını seçərəm”.