Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalamışdır.
Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən ədibin anadan olduğu Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılmışdır.
2017-2018-ci illərdə muzeydə təmir-bərpa və bədii tərtibat işləri aparılmışdır.
Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan ibarətdir. Həmçinin inzibati və fond otaqları var. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat nümayiş olunur.