Naxçıvandakı “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə Kəngərlilər nəslinə məxsus müxtəlif arxiv sənədlərinin surətləri, fotolent, Əkbər xan Naxçıvanskinin şəxsən istifadə etdiyi əşyalar (stəkanaltı, yemək qaşıqları, fincan) təqdim olunub.
Əkbər xanın Rusiyada yaşayan nəvə və nəticələri bu məqsədlə Naxçıvana gəliblər.
Keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova diqqətə çatdırıb ki, Naxçıvan xanlarının tarixi qədim Kəngərli türk tayfalarından gəlir. 1828-ci ildə Türkmənçay müqaviləsinə görə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edilsə də, Kəngərlilər nəslinin nüfuzlu nümayəndələri naib titulu ilə 1840-cı ildən başlayaraq yüksək vəzifələrdə olublar. Kəngərlilər arasında bir sıra dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri yetişib.
Vurğulanıb ki, Kəngərlilər nəslinin tanınmış nümayəndələrindən biri də Əkbər xan Əmənulla xan oğlu Naxçıvanskidir. 1919-cu ildə erməni daşnaklarının Naxçıvana hücumu zamanı həmyerliləri ilə birlikdə quldur dəstələrinə qarşı mərdliklə vuruşan Əkbər xan sonralar sovet diktaturasının təqib və həbslərinə məruz qalıb.
Bildirilib ki, Naxçıvan xanlarının tarixinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması üçün elmi araşdırmalar aparılıb, Naxçıvan xanlığının görkəmli şəxsiyyətləri, hərbi xadimləri haqqında kitablar çap edilib, rus tədqiqatçılarının Naxçıvan xanlığı haqqında yazdıqları kitablar Azərbaycan dilinə tərcümə olunub.
Həmçinin yeni tədqiqatlar əsasında “Naxçıvan xanlığı” kitabı ərsəyə gətirilib, “Naxçıvan xanlığı” sənədli filmi çəkilib, eləcə də Kəngərli süvari dəstəsinin döyüş və fəxri bayraqları, Naxçıvan bəy drujinasının döyüş bayraqları əslinə uyğun şəkildə bərpa edilib.
Sonra qonaqlar yeni eksponatları muzeyə təqdim ediblər.