Avqustun 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanasında “Muğam mədəni irsimizdir” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi İslam Qasımovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılıb.
Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Muğam aləmi” beynəlxalq festivalından, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilmiş Azərbaycan muğamının dünyada tanınmasından söz açıb, milli mədəniyyətimizin inkişafı naminə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrin əhəmiyyətindən danışıb.
Tədbirdə muğama həsr olunmuş kitab, albom və disklər sərgilənib, oxucular arasında “Muğam dünyası” adlı viktorina keçirilib.
Xanəndə Maya Cəbrayılova “Mahur-hindi” muğamından bir parça və “Segah” təsnifini ifa edib.