Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) himayəsi altında Qırğızıstanda Köçəri Sivilizasiya Mərkəzi (KSM) yaradılacaq. Mərkəzin iqamətgahı Bişkek şəhərində olacaq.
Qırğızıstanın “Kabar” agentliyinin məlumatına görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri ümumi tarix, dil və mədəni əlaqələri əsas tutaraq qloballaşma dövründə türk xalqları arasında hərtərəfli əməkdaşlığı möhkəmləndirmək, ənənələri qoruyub saxlamaq məqsədilə belə bir beynəlxalq təşkilat yaradacaqlar.
Mərkəzin yaradılmasında bir məqsəd də idmanın inkişafı ilə türkdilli xalqlar və başqa dövlətlər arasında qarşılıqlı inam və əlaqələr yaratmaq, idman tədbirləri vasitəsilə köçəri mədəniyyətinin ənənələrini populyarlaşdırmaq, idman vasitəsilə inteqrasiyanı möhkəmləndirməkdir.
Köçəri Sivilizasiya Mərkəzinin yaradılması ilə bağlı məsələ bu ilin sentyabr ayında Qırğızıstanın Çolpan-Ata şəhərində Türk Şurası xarici işlər nazirlərinin iclasında təsdiq ediləcək.