Avqustun 30-da Rusiyanın məşhur estrada müğənnisi, SSRİ Xalq artisti, Rusiya Dövlət Dumasının deputatı İosif Kobzon 81 yaşında vəfat edib.
Sovet estradasının ən güclü səslərindən biri olan İosif Kobzon 1937-ci il sentyabrın 11-də Ukraynada (Donetsk vilayəti) doğulub. Sənətə ötən əsrin 50-ci illərində gəlib və ömrünün sonunadək – 60 ilə yaxın peşəkar səhnədə çıxış edib. Müğənni 2004-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu il iyulun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
İosif Kobzon keçmiş SSRİ-nin və Rusiyanın ən titullu müğənnilərindən biri idi. 1980-ci ildə Rusiyanın Xalq artisti, 1984-cü ildə SSRİ Dövlət mükafatına, 1987-ci ildə SSRİ Xalq artisti adına, 2016-cı ildə Rusiya Federasiyasının Əmək Qəhrəmanı adına, bir çox ölkələrin fəxri ad, orden və medallarına layiq görülüb.
Müğənni Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə 2007-ci ildə Azərbaycanın “Şöhrət”, 2012-ci ildə “Dostluq” ordeni, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif olunub.