Nazir Əbülfəs Qarayev Zaqataladakı mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlar verib

Avqustun 30-da mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu.

Nazir ilk olaraq Heydər Əliyev Mərkəzinə gəldi. Burada məlumat verildi ki, binanın birinci mərtəbəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət zəngin ekspozisiya yaradılıb. Ekspozisiyada həmçinin ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar və digər sənədlər nümayiş etdirilir. Ekspozisiyada ümummilli liderin və Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Zaqatala rayonuna etdikləri səfərlər zamanı çəkilən fotolar da nümayiş olunur. Mərkəzdə fəaliyyət göstərən dərnəklər haqqında da nazirə məlumat verildi.

Nazir sonra Zaqatala Rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış oldu. Bildirildi ki, 1989-cu ildən fəaliyyət göstərən qalereya 2009-cu ildən Zaqatala Tarix-mədəniyyət qoruğunun ərazisində yerləşir. Qalereyanın ekspozisiyasında 40-dan çox rəsm əsəri, həmçinin məktəblilərin əl işləri nümayiş etdirilir. Daimi fondda olan 127 əsərlə yanaşı, rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar şəkildə sərgilər vasitəsilə şəhərin park və meydanlarında da ictimaiyyətə təqdim olunur.

Mədəniyyət mərkəzi ilə tanışlıq zamanı burada əhaliyə göstərilən xidmət barədə nazirə məlumat verildi. Qeyd olundu ki, mərkəzdə tarixi və əlamətdar günlər münasibətilə, həmçinin folklor, sənətkarlıq, diyarşünaslıq profillərinə uyğun tədbirlər keçirilir.

Nazir Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkdi. Muzey 1967-ci ildə təşkil olunub. Ekspozisiyada qədim dövrdən bu günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini və s. əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən hazırlanmış məişət əşyaları da toplanıb. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazırlanmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan düzəldilən bəzək əşyaları, müxtəlif dövrlərə aid geyim nümunələri və silahlar daxildir.

Daha sonra Uşaq incəsənət məktəbinə gələn nazir təhsil ocağının maddi-texniki vəziyyəti ilə maraqlandı.

Mədəniyyət müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olan Əbülfəs Qarayev onların fəaliyyətinin daha da gücləndirilməsi, işin müasir tələblər səviyyəsində qurulması istiqamətində tapşırıq və tövsiyələrini verdi.

* * *

Qeyd edək ki, avqustun 31-də mədəniyyət naziri Zaqatala şəhərində vətəndaşların növbəti qəbulunu keçirəcək. Zaqatala, Şəki, Balakən, Qax və Oğuz sakinlərinin müraciətləri dinləniləcək.

Avqustun 31-də həmçinin Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi nəzərdə tutulub.

Fariz HÜSEYNOV