Qırğızıstan 2-8 sentyabr tarixində III Dünya Köçəri Oyunlarına ev sahibliyi edəcək. Türk xalqlarının, qədim türk tayfalarının həyat və mədəniyyətinə işıq tutmağı qarşısına məqsəd qoyan tədbir İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçiriləcək.

Talisman-simvolu “Qar bəbiri” olan tədbir çərçivəsində etno-idman oyunları, çoxsaylı etno-mədəni tədbirlər və elmi konfranslar olacaq.

Qeyd edək ki, Qırğızıstanda Dünya Köçəri Oyunları ilk dəfə 2014-cü ildə, ikincisi 2016-cı ildə keçirilib. Manqala sümükatma, oxatma, qartal və şahinlə ov, masa və bilək güləşi kimi qədim və ənənəvi 37 idman növü üzrə yarışlarda 80 ölkədən 3 min idmançının iştirakı gözlənilir. Oyunlarda qaliblərə ümumilikdə 594 medal təqdim olunacaq.

Tədbir çərçivəsində həmçinin əfsanə və dastanlar söylənəcək, sənətkarlıq sərgiləri keçiriləcək, bazarlar qurulacaq, köçəri və müasir türk geyimləri nümayiş olunacaq, xalq oyunları, kukla və teatr tamaşaları göstəriləcək, ənənəvi yeməklər təqdim ediləcək.

III Dünya Köçəri Oyunlarının açılış mərasimində Qırğızıstan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan prezidentlərinin, digər dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir. Həmçinin sentyabrın 3-də  Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VI sammiti keçiriləcək.

Mehparə SULTANOVA
Ankara