III Dünya Köçəri Oyunlarında Azərbaycan geniş heyətlə təmsil olunacaq. Tədbir çərçivəsində keçiriləcək etnomədəniyyət festivalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova da iştirak edəcək. Festivalda modelyerin yaratdığı 15-dən artıq milli və müasir moda nümunələri sərgilənəcək.
Gülnarə Хəlilova 1972-ci ildə Bakıda anadan olub. 1999-cu ildən özünün moda evini yaradaraq modelyer-dizayner kimi fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında modelyer-rəssam işləyir, bir neçə filmin geyim üzrə rəssamıdır. 2012-ci ildə “Azərbaycan Milli Geyim Ocağı”nı təsis edib. Türkiyədə, Misirdə, Çində, Rusiyada, Rumıniyada Azərbaycan milli geyim nümunələrini təqdim edib, festivallarda mükafatlara layiq görülüb.
Geyim ənənələrinə, milli geyim tariximizə həsr olunmuş bir neçə kitabın, dərslik və kataloqların müəllifidir. Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihələri əsasında keçirilən muğam müsabiqələri aparıcılarının milli geyimlərinin tərtibatını verir. 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb, akademiyada müəllim kimi fəaliyyət göstərib. 2017-ci ildən Xəzər Universitetinin müəllimidir.
G.MİRMƏMMƏD