Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunacaq
Sentyabrın 20-də Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi çərçivəsində ölkəmizdə qanunverici orqanın – parlamentin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunacaq. Həmin gün Milli Məclisin xüsusi iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, yubiley tədbirində iştirak etmək üçün bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti (Müəssislər Məclisinin – Məclisi-Məbusan) 1918-ci il dekabrın 7-də fəaliyyətə başlamışdı. Ona qədər Cümhuriyyətin qanunverici orqanının funksiyasını Milli Şura yerinə yetirmiş, eyni zamanda 1918-ci il iyunun 17-dən ölkədəki çətin şərait (o cümlədən 23 iyunda hərbi vəziyyətin elan edilməsi) nəzərə alınaraq Milli Şuranın fəaliyyəti dayandırılmış, qanunverici və icra hakimiyyəti səlahiyyətləri müvəqqəti olaraq hökumətə (Nazirlər Şurası) verilmişdi. Qərara əsasən, 6 aydan gec olmayaraq yeni parlament formalaşmalı idi. 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası Bakıda yenidən toplandı.
Milli Şuranın noyabrın 19-da keçirilən iclasında Cümhuriyyətin Parlamentinin - Müəssislər Məclisinin çağırılması barədə qərar qəbul edildi. Parlamentin ölkə üzrə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olması qərara alındı. Qərarda bildirilirdi ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Parlamentdə 80 yer türk-müsəlman əhalinin, 40 yer qeyri millətlərin təmsilçilərinə ayrılmışdı.
1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş Qızlar məktəbinin binasında (indiki Əlyazmalar İnstitutunun binası) Azərbaycan Parlamentinin ilk iclası açıldı. Artıq fəaliyyətini başa vurmuş Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açılış nitqində “...müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhrarinəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir”, - deyə bəyan etdi. “Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov sədrin müavinləri seçildilər...