Avqustun 30-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək. Səhnə əsəri azərbaycanlı xoreoqraf Eldar Əliyevin adaptasiyasında təqdim olunub. Tamaşanın daha bir nümayişi avqustun 31-də olacaq.

Baletin xoreoqrafiyası Marius Petipaya və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə (1910-1992) məxsusdur. Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə tamaşaya qoyulub. Eldar Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. 2016-cı ildə Rusiya Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.