Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası təqdim ediləcək.
Teatrdan bildirilib ki, tamaşa Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq. Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.
Marionet teatrı dünyada populyar olan teatr incəsənəti janrlarındandır. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Ölkəmizdə bu teatr növünün 30 ilə yaxın yaşı var. Azərbaycanda marionet kuklalarla ilk tamaşa 1980-ci illərin sonlarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə hazırlanıb.
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında eyniadlı marionet tamaşanın premyerası 1990-cı ildə Fransada, sonralar Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə və başqa ölkələrdə nümayiş olunub. 2013-cü ildən Marionet teatrı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi üçün İçərişəhərdə bina ayrılıb. 2016-cı ilin dekabrından teatr İçərişəhərdə, Müslüm Maqomayev 20 ünvanındakı tarixi binada fəaliyyət göstərir.
Kollektiv yeni məkanda tamaşaçılarla görüşə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırlanan yeni tamaşa ilə gəlmişdi. 14 pərdəlik marionet tamaşa üzərində iş üç il davam etmişdi.
İndi isə yeni mövsümdə kollektiv sənətsevərlərin görüşünə Üzeyir bəyin ölməz operettasının marionet tamaşası ilə gəlir. Tamaşa bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilir.