Muğam sənətinə yeni səs, nəfəs gətirən, onu zənginləşdirən ifaçılardan söz düşəndə tanınmış opera müğənnisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hüsnü Qubadov da yada düşür. Onun həzin və məlahətli səslə oxuduğu “Şuşa yaylağı”, “Üç telli durna”, “Naxçıvan” və “Ceyran” xalq mahnıları tamaşaçı kütləsi tərəfindən alqışlarla qarşılanıb. O, opera ifaçılığı sənətində xüsusilə iz qoyub.

Hüsnü Baba oğlu Qubadov 1922-ci ildə Ordubad rayonunun Disər (Başkənd) kəndində musiqiçi ailəsində anadan olub. Böyüdüyü mühit onda sənətə həvəs yaradır. Erkən çağlardan ifaçılığa maraq göstərir. Müəyyən səbəblər üzündən musiqi təhsili ala bilməsə də, el şənliklərində yaxından iştirak edir. Naxçıvan teatrının aktyoru İbrahim Həmzəyevin yaratdığı dram dərnəyinə üzv olur. Səməd Vurğunun “Vaqif” dramında xanəndə rolunda çıxış edir.

1958-ci ildə respublika musiqi müsabiqəsində “Kor ərəbin mahnısı”nı yüksək səviyyədə ifa edərək qalib  olur. Həmin uğurlu çıxışdan sonra münsiflər heyətinin sədri maestro Niyazi onun səsini bəyənərək “sənin yerin opera teatrıdır” deyir...

1960-cı ildə Ordubad rayonundan deputatlığa namizədliyi irəli sürülən bəstəkar Səid Rüstəmovun seçicilərlə görüşü olur. Həmin görüşdən sonra təşkil olunan  konsertdə Hüsnü Qubadov da oxuyur. Səid Rüstəmov onun səsinə heyran qalır və  Bakıya dəvət edir. O, paytaxta gəlişindən qısa müddət sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə düzəlir. Teatrın səhnəsində bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradır. “Əsli və Kərəm”də Kərəm, “Aşıq Qərib”də Aşıq Qərib, “Leyli və Məcnun”da İbn Salam və s. rolların öhdəsindən məharətlə gəlir.

Hüsnü Qubadov teatrda çalışdığı otuz ildə görkəmli sənətkarlardan Zeynəb Xanlarova, Bakir Həşimov, Rübabə Muradova, Mais Salmanov, Rəsmiyyə Sadıqova, Arif Babayev, Kamil Hüseynov kimi sənətkarlarla eyni səhnəni paylaşıb. Sənət dostları onun yaradıcılığını yüksək qiymətləndiriblər.

Xalq artisti Arif Babayev onun təkrarsız ifaçılığını vurğulayıb: “Ecazkar ifa tərzi, güclü səsi olan Hüsnü Qubadovun opera səhnəsinin tarixində təkrar olunmayan rolları qaldı. O həm də olduqca pak və səmimi, gözəl ata idi”.

Xalq artisti Canəli Əkbərov 30 il bir səhnədə çalışdığı sənətkarla bağlı deyib: “Hüsnünün səsində dolğunluq, bitkinlik, tamlıq var idi. Gözəl ifasında çalarlar, notlar zənginliyi ilə seçilirdi. Onunla birgə Azərbaycanı qarış-qarış gəzmişdik. Doğulduğu bölgəyə xas olan şirinlik səsindəki məlahəti daha da artırar, xüsusi rəng verərdi”.

Mənbələrdə qeyd olunur ki, Opera və Balet Teatrında nümayiş olunan “Leyli və Məcnun” tamaşasında Hüsnü Qubadov İbn Salam, Rübabə Muradova isə Leyli rolunu ifa edirmiş. H.Qubadov istəyir ki, ömür-gün yoldaşı da onu səhnədə görsün. Həmin axşam ailə üzvlərini özü ilə teatra aparır. Tamaşa zamanı həyat yoldaşı Məsumə xanım ruhi sarsıntı keçirir. Bu hadisədən sonra o, bir daha özünə gələ bilmir. Ailə üzvlərinin, xüsusilə də onun həyatında çətin günlər başlayır. Bütün bu çətinliklərə baxmayaraq, o, ömrünün sonuna kimi səhnəyə sadiq qalır...

Səmimi, mehriban insan olan sənətkar həm də hazırcavablığı ilə tanınıb. 1992-ci ilin 13 avqust tarixində övladlarına deyir ki, axşam evə bir az tez gəlin. Özü isə səhər-səhər Nərimanov parkında gəzintiyə çıxır. Orada qəfildən halı pisləşir. Dostları onu evə gətirir. Təcili yardım çağırırlar. Həkim gəlir və ilk tibbi yardım göstərir. Sonra təzyiqinin olub-olmadığını soruşur. O isə cavabında “Həkim sizsiniz, mən bilmərəm. Mən ancaq oxumaq bacarıram”, - deyir. Sonra astadan zümzümə edir. Bir az ara verir, sonra gözlərini əbədi yumur.

O, vəsiyyətinə əsasən doğulduğu kənddə torpağa tapşırılır. Dəfn olunduğu günün səhəri övladları analarının yanına gedirlər. Məsumə xanım övladlarını görcək həyat yoldaşını xəbər alır. Ona “Yarın artıq həyatda yoxdur” deyirlər. Altı gün sonra otuz il xəstə yaşamış Məsumə xanım da bu dünya ilə vidalaşır...

Hazırda Ordubad rayon Musiqi məktəbi sənətkarın adını daşıyır. O, cismən dünyasını dəyişsə də, əziz xatirəsi musiqisevərlərin qəlbində yaşayır.

Savalan FƏRƏCOV