Sentyabrın sonlarında Saxa-Yakutiya Respublikasının Olonxo teatrı Yunanıstana qastrol səfərinə gedəcək. Kollektiv qastrolda yakut sovet ədəbiyyatının banisi Platon Oyunskinin eyniadlı hekayəsi əsasında hazırlanmış birpərdəli opera ilə çıxış edəcək.
Tamaşanın musiqi və ssenari müəllifi Vladimir Kobekindir. Yakut xalqının mifik qəhrəmanı və özgürlük mübarizəsindən bəhs edən “Böyük Kudanqsa” tamaşasına Rusiyanın və Saxa-Yakutiya Respublikasının Əməkdar incəsənət xadimi Andrey Borisov quruluş verib.
Bu əsərə dəfələrlə müraciət edilsə də, “Böyük Kudanqsa”nın yeni səhnə yozumu tamam fərqlidir. Tamaşada əfsanəvi qəhrəman Kudanqsanın müxtəlif yaş dönəmlərini Dmitri Alekseyev, Vasili Borisov, Dmitri Xoyutanov canlandırır, Şaman obrazında isə Qavril Menkyarov, Pavel Kolesov və Pyotr Basnayev çıxış edəcək.
Teatrın kollektivi bütün yay ərzində yeni tamaşa üzərində məşq edib. Yerli teatrsevərlər “Böyük Kudanqsa”nı Yunanıstan qastrolundan sonra seyr edə biləcəklər.
G.MİRMƏMMƏD