90 yaşını qeyd etməyə hazırlaşan Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə - Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasına üzv olub. İndən belə teatrın bazasında bu qurumun “ASSİTEJ Özbəkistan” Milli Mərkəzi fəaliyyət göstərəcək.
Mərkəz teatrın beynəlxalq əməkdaşlığının genişlənməsi ilə məşğul olacaq, həmçinin əhalinin uşaq teatrlarına diqqətini artırmaq, xarici dramaturgiyadan tərcümələri və həmin əsərlərin yerli mühitə uyğunlaşdırılmasını təşkil etmək, əcnəbi mütəxəssisləri özbək uşaq teatrlarının fəaliyyətinə cəlb etmək və digər istiqamətlərdə çalışmaq niyyətindədir.
Yeni yaranmış milli mərkəz 2019-cu ilin fevralında beynəlxalq əməkdaşlıq çərçivəsində ilk böyük tədbirə - “ASSİTEJ Asiya” görüşünün keçirilməsinə hazırlaşır. Həmin tədbirdə 30 ölkədən 60-dan çox mütəxəssisin iştirak edəcəyi gözlənilir. Görüşdə tamaşaların yaş senzinin müəyyən edilmə meyarlarının, əməkdaşlıq və qastrol imkanlarının müzakirəsi nəzərdə tutulur. Tədbir günlərində yerli teatrların tamaşaları da oynanılacaq.
G.MİRMƏMMƏD