Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyi – “MoMA” 1971-ci ildən etibarən ənənəvi “Summergarden” musiqi festivalını keçirir. Muzeyin heykəllərlə bəzədilən bağında, açıq havada klassik və caz konsertləri təşkil olunur. “Nyu-Yorkda yeni musiqi” şüarı altında keçirilən hər konsertdə müasir musiqi janrında premyeralar təqdim olunur.

Bir məqamı da qeyd edək ki, Coel Saksın rəhbərlik etdiyi dünyaca məşhur musiqi məktəbi olan “Julliard-School”un ən istedadlı məzunları müxtəlif ansambllara cəlb olunurlar. “Julliard”ın məzunlarından olan, bir sıra beynəlxalq müsabiqələrin laureatları Sumire Hirotsuru, Bunqçan Li (skripkalar), Yoselin Pan (alt),  İzabel Kvondan (violonçel) “Ansoniya” kvarteti yaradıblar. Kvartet əsasən müasir musiqinin nümayəndələrinin böyük dinləyici sevgisini qazanmış əsərlərini öz repertuarlarına daxil edir.

Budəfəki festivalda “Ansoniya” kvarteti görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Oazis” simli kvartetini ifa edib. Əsər  dinləyicilərin böyük rəğbətini qazanaraq sürəkli alqışlarla müşayiət olunub. “Ansoniya” kvarteti hazırda “Oazis” kvartetinin də daxil edildiyi repertuarla ABŞ-ın müxtəlif şəhərlərində konsertlərlə çıxış edir.

Məlumat üçün bildirək ki, bəstəkarın 1998-ci ildə bəstələdiyi və ilk dəfə Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif mötəbər salonlarında uğurla ifa olunub.

Budəfəki konsertdə həmçinin amerikalı bəstəkar Con Vulrixin, çinli Ley Lyanın,  Venesuela bəstəkarı Pol Desenin əsərləri də festival iştirakçılarına təqdim olunub.

Festivalın bukletində Azərbaycanın Xalq artisti Firəngiz Əlizadənin həyat və yaradıcılığı, o cümlədən “Oazis” əsəri haqqında məlumat verilib. Həmçinin «New-York-MoMA» qəzetində F.Əlizadənin “Oazis” simli kvarteti barədə məqalə dərc edilib.

“Firəngiz  Əlizadə kimi görkəmli bəstəkarın yaradıcılığı Hillari Hahn, Yo-Yo Ma kimi meqa-ulduzlar, “Berliner Philharmoniker” və “Royal Concertgebouw Orkestr” kimi dünyanın məşhur musiqi kollektivlərinin repertuarlarında əksini tapıb. Azərbaycan bəstəkarının musiqisinə - Şərq və Qərbin sintezini təcəssüm etdirən parlaq və qeyri-adi musiqilər dünyasına müraciət edən gənc musiqiçilər  ildən-ilə çoxalır”, - deyə qəzetin müxbiri Alisa Kravits məqalədə qeyd edib.