Sentyabrın 7-də R.Behbudov adına Dövlət Mahnı Teatrında “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi əsasında hazırlanmış audiodiskin təqdimatı keçiriləcək.

Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

Layihə çərçivəsində “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilərək müzakirə olunub, ölkəmizin müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılaraq “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan aşıqlar seçilib və onların ifasında qəhrəmanlıq ruhunda olan aşıq havaları lentə alınıb.

Təqdim olunan CD albomda 16 aşıq havası yer alıb. Layihə milli dövlətçilik düşüncəsinin, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.