Qədim zamanlardan əfsanə, nağıl və miflərdə zanbaq gülləri xatırlanır. Zanbaqlar Yunanıstanda ümid, Rusiyada sülh və təmizlik, Fransada mərhəmət, Almaniyada isə sədaqət rəmzi sayılır.
Bəzi mənbələrdə zanbağın vətəninin İran olduğu deyilsə də, Türkiyə ərazisində qədim zamanlardan becərildiyi məlumdur. Türkiyədə zanbaq lalə adı ilə məşhurdur. Osmanlıda zanbaq sultanların sevimli çiçəyi olub, sarayların və malikanələrin bağçasını bəzəyib. Hər bahar bu çiçəyə həsr olunmuş bayram mərasimləri keçirilib. Osmanlı imperiyasının bir dövrü məhz onun adı ilə “lalə dövrü” (1718-1730 – III Sultan Əhmədin hakimiyyəti zamanı Avropa ilə dialoq və islahatlar dövrü) adlandırılıb. İndi də hər bahar İstanbulda zanbaq festivalı keçirilir.
XVI əsrin ortalarından Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçalardan birində görüb. Tanımadığı çiçək onu heyran edib və 1554-cü ildə çoxlu miqdarda toxum Vyanaya aparılıb. Bundan sonra zanbaq Avropanı dolaşmağa başlayıb. Qısa bir müddət ərzində gözoxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanıb.
XVI əsrin ortalarında zanbaqların 300-ə yaxın növü məlum idi. Çiçək özünün ən böyük şöhrətini 1634-cü ildə ayaq açdığı Niderlandda qazanıb. Onları Niderlandın Amsterdam və başqa şəhərlərin küçə və meydanlarında əkməyə başlayıblar. Hollandiyalı bağbanlar dünyanın müxtəlif ölkələrinə ixrac olunan zanbaqların çoxlu növlərini yetişdiriblər. Hazırda zanbaqların dünyada 2500-dən artıq növü var. Niderlandın Keukenhof parkı da zanbaqları ilə məşhurdur. Parkın ərazisində hər il yüzlərlə növdə zanbaq, sünbülçiçəyi, nərgizgülü və digər bitkilərin olduğu yeddi milyona qədər çiçək əkilir.
Xalq təbabətində zanbaqdan çəkilmiş yağ yanıq yaralarının müalicəsində istifadə edilir, qulaq ağrılarında damcı dərmanı kimi qulağa tökülür, ətriyyatda ondan faydalanırlar. Zanbaq gülündən çəkilmiş nektar zeytun yağında saxlanılandan sonra yara və yanıqlara çəkiləndə yaxşı səmərə verir.