Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış vokal ifaçısı, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın (1928-2011) xatirəsi yad ediləcək.
Teatrdan bildirilib ki, sentyabrın 29-da dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının nümayişi görkəmli müğənninin 90 illiyinə həsr ediləcək.
Qeyd edək ki, lirik-dramatik soprano səs tembrinə malik müğənni 1950-1970-ci illərdə Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış edib. O, Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Gülzar, “Nərgiz”də Nərgiz, Fikrət Əmirovun “Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub.
Unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub.
Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazları Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən unudulmaz ifaçı, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb.