Bir müddətdir ki, yaponiyalı prodüser Sedzo İçiyamanın başçılıq etdiyi kinematoqrafçılar qrupu Qazaxıstandadır. Sedzo İçiyamanın adı dünya kino sənayesində tanınmış isimdir. Asiya qitəsinin ən böyük kino forumlarından sayılan “Tokyo Filmex” festivalının təməlini qoymuş prodüser Takeşi Kitano, Tszya Canqke, Xou Syaosyan kimi məşhur rejissorlarla işləyib. Onun prodüseri olduğu filmlər Kann, Venesiya və Berlin kinofestivallarında mükafata layiq görülüb.
Sedzo İçiyamanın rəhbərlik etdiyi yaradıcı heyət sentyabrın 1-dən Almatı vilayətində çəkilişlərə başlayıb.
İşçi adı “Barımtaşılar” (“At oğruları”) olan filmdə Tyan-Şanın ətəklərindəki kiçik kənddə yaşayan, heyvandarlıqla məşğul olan ailənin taleyindən danışılır. Bir gün at oğruları dəstəsi evin kişisini aldadıb səhraya aparır və onun ilxısını oğurlayır. Hər şey də elə bu hadisədən sonra başlayır.
Film Qazaxıstan və Yaponiya kinematoqrafçılarının birgə istehsalıdır. Erlan Nurmuxambetov ilə Liso Takebanın quruluşçu rejissor olaraq çalışdıqları ekran əsərində əsas rollara builki Kann festivalının ulduzu, “Ən yaxşı qadın roluna görə” mükafata layiq görülmüş Samal Eslyamova ilə yanaşı, Qazaxıstanın tanınmış teatr və kino artisti Dulıqa Akmolda və məşhur yapon aktyoru Miray Moriyama çəkilirlər.
Qazaxıstanda böyük ekrana çıxış tarixi hələ dəqiq bilinməyən “At oğruları”nın beynəlxalq uğur qazanacağına ümid bəsləyirlər.
Gülcahan MİRMƏMMƏD