Ötən ilin sentyabrında ekrana çıxmış “Elçilik” (“Dünürcülük”) adlı ilk qaqauz filmi sentyabrın 8-də “Ukrayna Qaqauzları İttifaqı” ictimai təşkilatının və “Ukrayna Milli Birlikləri Şurası”nın dəstəyi ilə Kiyevdəki “Kinopanorama” kinoteatrında nümayiş olunacaq.
Filmin ideya müəllifi və quruluşçu rejissoru tanınmış teatr və kino aktyoru İvan Patramandır. Film qaqauz yazıçısı Nikolay Baboqlonun eyniadlı hekayəsi əsasında ekranlaşdırılıb. Maliyyə çətinliklərindən ta çəkiliş prosesinin təşkili ilə bağlı xeyli problemlə üzləşdiklərini deyən İvan Patraman əmindir ki, iş əsnasında qarşıya çıxan istənilən çətinlik daha bir çıxış yolu tapmaq imkanı deməkdir.
Bir il ərzində Moldovada, Rusiyada dəfələrlə nümayiş etdirilmiş “Elçilik”dəki hadisələr ötən əsrin 20-30-cu illərini əhatə edir. Film müəllifinin fikrincə, məhz bu tarixi dövrdə qaqauz xalqının mentallığı və fəlsəfəsi özünü daha qabarıq göstərib. Film iki gəncin sevgi əhvalatı fonunda bütöv bir xalqın özgürlüyünü göstərmək niyyətilə lentə alınıb.
GÜLCAHAN